ELM VƏ TƏHSİL
Doktorant və dissertantlar “Web of Science” məlumat bazasından istifadə qaydaları barədə məlumatlandırılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Clarivate Analytics” məlumat platformasından səmərəli istifadə yolları və beynəlxalq indeksli elmi jurnallarda dərc olunmaq qaydaları haqqında növbəti seminar keçirilib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, AMEA üzrə humanitar bölmənin əməkdaşlarının, muzeyin doktorant və dissertantlarının da iştirak etdiyi məşğələ “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva tərəfindən aparılıb.
Məruzəçi “Web of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, seçim meyarları, “yırtıcı” jurnallarla mübarizə, məqalələrin düzgün adlandırılması və struktur quruluşu, akademik ingiliscə və onun yazı üslubu, eləcə də, impakt faktor (JCR) jurnallar, istinad üzrə reytinq səviyyəsi (kvartillər) və s. haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.