ELM VƏ TƏHSİL


Doktorant və dissertantların “İnformatika” fənni üzrə qış imtahan sessiyası başa çatmışdır

Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantlar üçün “İnformatika” fənni üzrə qış imtahan sessiyası başa çatmışdır.

İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, bir ay davam edən sessiyada respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrinin 444 tədqiqatçısı iştirak etmişdir. İmtahanın nəticələrinə görə 208 nəfərin biliyi “əla”, 168 nəfərin biliyi “yaxşı”, 46 nəfərin biliyi “kafi”, 22 nəfərin biliyi isə “qeyri-kafi” qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarına əsasən, respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada, AMEA İTİ-də həyata keçirilir. Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil olunan kurslarda tədris və imtahanların qəbulu 4 elmi istiqamət üzrə aparılır. Bu sessiyada fizika-riyaziyyat və texnika elmləri istiqaməti üzrə 50, kimya-biologiya və tibb elmləri istiqaməti üzrə 99, yer, coğrafiya və kənd təsərrüfatı elmləri istiqaməti üzrə 39, ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər istiqaməti üzrə isə 256 nəfər imtahan vermişdir. İnstitutun tədris-innovasiya mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərinə yiyələnməsi, elmi-tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şərait yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.