ELM VƏ TƏHSİL


Doktorant və dissertantların elmi fəaliyyəti müzakirə olunub

Bakı, 22 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın bir qrup doktorant və dissertantın elmi fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu söyləyib.

Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılmasının, dissertasiya işlərinin müzakirəsinin və hesabatların hazırlanmasının vacibliyini vurğulayıb. “Əsas məqsəd doktorant və dissertantların elmi fəaliyyətini koordinasiya etmək, onlara dəstək göstərmək və aparılan tədqiqatların keyfiyyətini artırmaqdır”, - deyən akademik hər bir şöbə rəhbərini bu vəzifələrin icrasında fəal iştirak etməyə çağırıb.

R.Əliquliyev kadr potensialının gücləndirilməsinin, gənclərlə məqsədyönlü işin aparılmasının və onların elmi fəaliyyətə cəlb edilməsinin zəruriliyini önə çəkib, eləcə də institutda fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Akademik bildirib ki, institutda şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkili, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılması son dərəcə vacibdir. Alim və mütəxəssislər bu prosesə töhfə verməli, biliklərini bölüşdürməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidir.

Sonra baş mütəxəssis Kəmalə Haşımova “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi”, baş mütəxəssis Sabirə Ocaqverdiyeva “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlərin işlənməsi”, baş mütəxəssis Əfruz Qurbanova isə “Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işi haqqında məlumat veriblər.

Hər bir tədqiqatçının dissertasiya işinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.