REGİONLAR


Doktorant və magistrantların III regional elmi konfransında 120-dən çox məruzə dinlənilib

Naxçıvan, 1 may, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusuna həsr olunan doktorant və magistrantların III regional elmi konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və AMEA Naxçıvan Bölməsinin doktorant və magistrantları olmaqla, 120 gənc tədqiqatçı iştirak edib.

Regional elmi konfransda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirib ki, ölkəmizdə, o cümlədən muxtar respublikada elm və təhsilin sürətlə inkişaf etdiyi hazırkı dövrdə bu sahə üzrə geniş islahatlar həyata keçirilir. 2019-cu ildən ilk dəfə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığına icazə verilib, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilib. 2020-2021-ci tədris ilində 4 ixtisas üzrə 43 magistr, 3 ixtisas üzrə isə 5 doktorant müvafiq sahələr üzrə qəbul olunub.

Müasir təhsil sistemində gənc tədqiqatçılardan tələb olunan vacib xüsusiyyətləri diqqətə çatdıran Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, müasir dövrdə tədqiqatla məşğul olan gənclər davamlı olaraq kəşflər aparmalı, öz üzərlərində səylə çalışmalı, eləcə də xarici dil və kompüter texnologiyalarını daha da dərindən öyrənməlidirlər.

Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Konfrans öz işini bölmələrdə davam etdirib. 120 gənc tədqiqatçının iştirakı ilə 10 bölmədə 120-dən çox məruzə dinlənilib.

Qeyd edək ki, bu gün doktorantura və magistratura ali təhsil pillələri üzrə Naxçıvan Dövlət Universitetində 108 doktorant və 352 magistr, “Naxçıvan” Universitetində 28 doktorant və 21 magistr, Naxçıvan Müəllimlər İnstitutunda isə 28 doktorant və 65 magistr təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.