ELM VƏ TƏHSİL


Doktoranturaya qəbul olmaq istəyənlər üçün xarici dil üzrə sınaq imtahanına qeydiyyat başa çatıb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanı keçirəcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək. Dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılır.

Namizədlər mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada imtahan verəcəklər. İmtahanda iştirak etmək üçün noyabrın 12-dən başlanan onlayn qeydiyyat bu gün başa çatıb. Bu müddət ərzində 180 nəfər sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahan doktorantura və dissertanturaya qəbul imtahanına hazırlaşan namizədlərə xarici dil üzrə biliklərini yoxlamaq, onların imtahana daha səmərəli hazırlaşmalarına kömək etmək, imtahana qalan müddət ərzində biliklərini daha da təkmilləşdirmək imkanı yaratmaq məqsədi daşıyır.

Koronavirus pandemiyası ilə əlaqədar sanitariya-gigiyena tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən aralı əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.

Namizədlər imtahan başlanmazdan 1 saat əvvəl imtahan binasında olmalı və buraxılış zamanı şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Hər bir iştirakçı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap etməli və sınaq imtahanına gələrkən imzalanmış şəkildə gətirməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.