SİYASƏT


Dolğun portretin kiçik ştrixləri

“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”

            Heydər Əliyev

Bakı, 12 may, AZƏRTAC

BP Azərbaycanın Hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli ulu öndər Heydər Əliyevin xarici ölkələrdə yaşayan azərbaycanlıların bir məqsəd ətrafında təşkilatlanması, diaspor quruculuğu sahəsində gördüyü işlərə, Ümummilli Liderlə bağlı xatirələrinə dair məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Heydər Əliyev Prezident kimi fəaliyyət göstərdiyi ilk illərdə yeni müstəqil respublikamızın haqq səsini, Azərbaycan həqiqətlərini xaricdə yaşayan azərbaycanlılar vasitəsilə dünyaya yaymağı, onların təşkilatlanması, həmrəyliyin və milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Ulu Öndər rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşmək və onların fəaliyyətləri ilə tanış olmaq ənənəsinin əsasını qoyub, onların bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər həyata keçirib.

Bu istiqamətdə 1995-ci ildə təsis olunan və rəhbərlik etdiyim Azərbaycan – Norveç Dostluq Cəmiyyəti də mühüm rol oynayıb. Dostluq Cəmiyyətinin idarə heyətinin yüksək statusu, onun üzvləri arasında hər iki ölkənin hökumət və diplomatik nümayəndəliklərinin, işgüzar dairələrin rəhbərlərinin olmasının bu cəmiyyətin fəaliyyətinə çox müsbət təsiri olub.

Tale elə gətirdi ki, mən Azərbaycan–Norveç Dostluq Cəmiyyətinin prezidenti kimi ulu öndər Heydər Əliyevlə bir sıra görüşlərdə iştirak edib və onun müdrik keyfiyyətlərinin şahidi olmuşam. Bu gün Heydər Əliyevi yada salarkən onunla bağlı xatirələri, bu fenomen şəxsiyyətin portretinin bəzi cizgilərini işıqlandırmaq istərdim.

Cəmiyyətimizin geniş fəaliyyəti iki ölkə arasında mədəniyyət, elm, təhsil, informasiya mübadiləsi sahəsində qarşılıqlı surətdə səmərəli olan əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayırdı. Təşkilat o zaman Azərbaycan cəmiyyətində ən çox təqdir olunan və gündəmdə olan bir qurum kimi ulu öndər Heydər Əliyevin diqqətini cəlb etmişdi. Bunun nəticəsi olaraq Heydər Əliyev Azərbaycan-Norveç dostluq cəmiyyətinin tədbirlərində iştirak etmiş və cəmiyyətin üzvləri ilə görüşlər keçirmişdi.

Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Liderimiz Norveç Krallığına ilk səfəri zamanı Norveçdə və ümumilikdə Skandinaviya ölkələrində yaşayan Azərbaycan diaspor nümayəndələri ilə görüşü təşkil etmək üçün məni cəmiyyətin rəhbəri kimi dövlət nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Mən dövlət nümayəndə heyətinin tərkibində hökuməti təmsil etməyən yeganə iştirakçı idim və bu da Heydər Əliyevin diaspor işinə verdiyi önəmdən irəli gəlirdi.

Heydər Əliyev gözəl psixoloq kimi insanların beyninə və qəlbinə asanlıqla yol tapa bilirdi. Norveçdə olarkən Osloda azərbaycanlı diaspor nümayəndələri ilə görüşün əvvəlində Ulu Öndər məni yanına çağıraraq buradakı diaspor fəaliyyəti barədə məruzə etməyimi xahiş etdi. Məruzəmi dinlədikdən sonra Heydər Əliyev diaspor nümayəndələrinə üz tutaraq öz çıxışında mənim adımı ayrıca vurğulayaraq nəyə görə məni dövlət nümayəndə heyətinin tərkibinə daxil etdiyini bildirdi. Diaspor təşkilatlarının pərakəndə fəaliyyətini görən Heydər Əliyev bununla ətrafdakılara bir mesaj verərək bildirirdi ki, bu şəxs mənimlə sizin aranızda bir körpü rolunu oynayir və siz diaspor nümayəndələrinin təşkilatlanmasında və milli birliyin möhkəmləndirilməsində bu şəxslə səmərəli işləyə bilərsiniz.

Həqiqətən də, ulu öndər Heydər Əliyevin Osloda diaspor nümayəndələri ilə görüşündən sonra Norveçdə yaşayan soydaşlarımızın bu ölkənin ictimai-siyasi həyatında fəallığı daha da artmış və Azərbaycanın problemləri ilə bağlı geniş fəaliyyətə təkan vermişdi.

Norveç Krallığına səfər zamanı yaddaşımda həkk olunan kiçik ştrixlərdən biri də Heydər Əliyevin fenomenal hafizəyə malik olmasını göstərən nitq və çıxışları idi. Hələ Bakıda olarkən Azərbaycan–Norveç Dostluq Cəmiyyətinin rəhbəri kimi mənim də daxil olduğum Norveç nümayəndə heyətinin Heydər Əliyevlə görüşlərində görürdüm kı, aidiyyəti qurumlar Norveç barədə Prezidentə dolğun məlumat çatdıra bilmirlər. Ovaxtkı obyektiv səbəblər, Azərbaycanın Skandinaviyada, o cümlədən Norveçdə diplomatik nümayəndəliyinin olmaması səbəbindən, bu qurumlar Norveç barədə bəzi məlumatları əldə etmək və yaxud dəqiqləşdirmək üçün Azərbaycan – Norveç Dostluq Cəmiyyətinə müraciət edirdilər. Bütün bunları nəzərə alaraq, mən ulu öndər Heydər Əliyevin Norveç səfəri üçün ona lazım ola biləcək məlumatları hazırladım. Bura Norveç Krallığının başqa Qərbi Avropa ölkələrindən fərqli cəhətləri, dövlət quruluşu, parlamenti, 1970-ci illərdən təşəkkül tapmış neft sənayesi və Norveç Neft Fondu, Norveç cəmiyyəti və ölkənin sürətli inkişafını şərtləndirən cəhətlər, Norveç təcrübəsinin Azərbaycanda tətbiq olunması sahəsində olan imkanlar daxil idi. Bütün bu məlumatları Heydər Əliyev apardığı görüşlər və çıxışlarında özünə məxsus ustalıqla istifadə edirdi. Sonradan Bakıya dönərkən ulu öndər Heydər Əliyevin respublika mətbuatında dərc olunmuş çıxış və nitqlərini oxuyub ona təqdim etdiyim informasiya materialı ilə müqayisə edərkən onun qeyri-adi hafizəsinə heyran qaldım. Norveç haqqında təqdim etdiyim statistik məlumatlara Heydər Əliyevin sadə bir dildə geniş auditoriyaya təqdim etməsi, Ulu Öndərin güclü analitik düşüncəsinin və yüksək intellektinin təzahürü idi.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın digər sahələri kimi mədəniyyətimiz də bir müddət böyük çətinliklər qarşısında qalmışdı. Dağılan təkcə iqtisadiyyat deyildi, milli-mənəvi dəyərlərimiz də tənəzzülə uğrayırdı. Ümummilli lider Heydər Əliyev gözəl başa düşürdü ki, mədəniyyət vətənpərvərliyin, milli birliyin, özünüdərkin əsas dayaqlarından biridir. Vacib dövlət işləri ilə məşğul olmasına, vaxtının hədsiz azlığına baxmayaraq, insanların diqqətini mədəni irs və dəyərlərə yönəltmək üçün o, hər bir fürsətdən istifadə etməyi bacarırdı.

1997-cı ildə biz Azərbaycan xalq musiqisinin vurğunu, ABŞ-a səfər edən muğam sənətkarlarımızdan milli alətlərimizdə çalmağı öyrənən, kaman, tar və udda Azərbaycan muğamlarını məharətlə ifa edən amerikalı Cefri Verboku Bakıya konsertə dəvət etmişdik. Muğamlarımıza böyük maraq göstərən amerikalının Azərbaycana gəldiyini eşidən Heydər Əliyev onunla görüşmək istədiyini bildirmişdi. Mən Prezidentin bu istəyini Cefriyə çatdıranda siyasətdən uzaq olan bu amerikalının dili ilə desək “böyük imperiyada SSRİ rəhbərlərindən biri, Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və DTK generalı olmuş” Heydər Əliyev ilə görüşün nə məqsəd daşıdığını anlaya bilmir və bir müddət sıxıntı keçirmişdi. Lakin Heydər Əliyevlə görüş, Ulu Öndərin güclü xarizması, böyük intellekti, həmsöhbətləri ilə birbaşa ünsiyyət qurub eyni səviyyədə söhbət aparmaq qabiliyyəti Cefri Verbokun bütün sıxıntı və tərəddüdlərini, onun ilkin təəssüratını alt-üst etmişdi. Heydər Əliyev ilə söhbət o qədər səmimi keçmişdi ki, Cefri hətta Prezidenti konsertinə də dəvət etmişdi. Maraqlı cəhətlərdən biri də o olmuşdur ki, Cefri dəvətnamənin iki nəfərlik olduğu üçün Prezidentin özü ilə konsertə bir nəfəri də gətirə biləcəyini qeyd etmişdi. Cefrinin bu təklifinə ürəkdən uğunub gedən Prezident görüşə xoş bir ovqat qataraq amerikalı musiqiçiyə uğurlar arzulamış, onun fəaliyyətinin izləyəcəyini qeyd etmişdi.

Heydər Əliyevlə söhbətdən ruhlanan Cefri Verbok Şuşada muğam məktəbi açmaq arzusunda olduğunu Prezidentə bildirmiş və amerikalının bu istəyi səhərisi gün qəzet başlıqlarına çıxarılmışdi.

Amerikalı həvəskar musiqiçi ilə görüşə gərgin iş qrafikindən bir saata yaxın vaxt sərf edən Heydər Əliyevin əsas məqsədi xalq musiqisi də daxil olmaqla, Azərbaycan milli adət-ənənələrinə öz dəstəyini və milli dəyərlərin özünüdərkin yüksəlməsində böyük əhəmiyyət kəsb etdiyini göstərmək idi.

Cefri Verbokun Heydər Əliyevi öz konsertinə dəvət etməsi epizodu bizim Cefri ilə sonrakı görüş və toplantılarımızda ən isti və şirin əhvalat kimi həmişə xoş bir təbəssümlə xatırlanır.

Cefri Verbokun Prezident Heydər Əliyevlə görüşü barədə xatirələrini bu link vasitəsilə oxuya bilərsiniz: http://www.visions.az/winter2012_051,360/  

Prezident Heydər Əliyevlə görüş Cefri Verbokda o qədər böyük təəssürat oyatmışdı ki, o Azərbaycan muğamını dünyaya yaymaqla bərabər, həm də Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqla məşğul olmağa başladı. Cefri Verbok Birləşmış Ştatlarda “Amerika Muğam Cəmiyyəti” yaratmış, ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində yüzlərlə konsert və mühazirələrlə çıxış etmiş və hazırda da bu istiqamətdə öz fəaliyyətini davam etdirir. O, daxil olduğu hər bir auditoriyada muğamın beşiyi, işğal altında olan Şuşa və Qarabağ haqqında söz açır, ölkəmizi çox yaxşı taniyan bir insan kimi Azərbaycana qara yaxmaq istəyən bədxahların cavablarını verir.

Cefri Verbokun Azərbaycan mədəniyyəti və həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər barədə məlumatı bu linkdə tapa bilərsiniz: www.mugham.net 

Mən fəxr edirəm ki, ümummilli liderimiz Heydər Əliyev barədə mətbuat və televiziya verilişlərində mənim də iştirak etdiyim bu tarixi anlar öz əksini tapıb və fəaliyyətimiz Ulu Öndər tərəfindən yüksək qiymətləndirilib. Bu, indi xoş xatirələr oyadan bir tarixdir. Tarixin yaxşı təcrübələrini davam etdirmək və irəli aparmaq isə bizim hər birimizin vətəndaşlıq borcudur.

Qivami Rəhimli

BP Azərbaycan

Hökumətlə işlər üzrə baş müşavir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.