REGİONLAR
Dolu və külək bəzi rayonlarda əkin sahələrinə ciddi ziyan vurub
Ağdam, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 21-də leysan və dolu ilə müşahidə olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Quzanlı qəsəbəsində 2, Çəmənli kəndində 49, İmamqulubəyli kəndində 6, Təzəkənd qəsəbəsində 1 evin dam örtüyü yararsız vəziyyətə düşüb. Əkin sahələrinə və meyvə ağaclarına ziyan dəyib. İki ədəd 35 kV-luq elektrik xəttində dayaqların aşması, naqillərin qırılması nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində Əhmədağalı, Çəmənli və Zəngişalı ərazi nümayəndəliklərinin yaşayış məntəqələri istisna olmaqla, digər kəndlərdə enerjinin verilməsi bərpa olunub.
Güclü külək və dolu Bərdə və Beyləqan rayonlarında da bir sıra fəsadlar törədib. Belə ki, Bərdə şəhərinin Təbriz küçəsindəki beşmərtəbəli yaşayış binasının dam örtüyünə ziyan dəyib, Səməd Vurğun küçəsində 2 ədəd çinar ağacı və elektrik dirəyi aşıb. Dolu Beyləqan rayonunun Yuxarı Kəbirli, Kəbirli, Təzəkənd, Allahyarlı, Mil və Eyvazalılar kəndlərində taxıl zəmilərinə və pambıq tarlalarına xeyli ziyan vurub.