DÜNYA
Donald Tramp Nyu-York terrorçusunun edam olunmasını istəyir
Bakı, 2 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Nyu-York hücumu üzrə cinayət işində ittiham olunan Sefullah Saipovun ölüm hökmünə layiq olduğunu bildirib. Dövlət başçısı bu barədə fikrini özünün “Twitter” səhifəsində yerləşdirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tramp bir qədər əvvəl ABŞ-a immiqrasiya vizaları almaq üçün keçirilən lotereyanın ləğvi barəsində Konqreslə müzakirəyə başlamaq niyyətində olduğunu deyib. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Saipovun 2010-cu ildə ölkəyə məhz lotereyada udduğu viza ilə gəldiyini dəqiqləşdirib.
“Nyu-York terrorçusu öz xəstəxana palatasında İŞİD bayrağının asılmasını vəcdlə xahiş edib. O, səkkiz nəfəri öldürüb və 12-sini ağır yaralayıb, ölüm hökmü almalıdır”, - dövlət başçısı belə yazıb.
Donald Tramp, həmçinin Saipovun ABŞ Hərbi Dəniz Qüvvələrinin Kubada yerləşən Quantanamo bazasındakı xüsusi həbsxanaya göndərilməsi imkanlarını da nəzərdən keçirir.
Xatırladaq ki, oktyabrın 31-də Saipov Nyu-Yorkun Manhetten ratonunda pikap avtomobilində velosipedçilər üçün nəzərdə tutulmuş zolağa çıxaraq bir qrup piyadanı və velosipedçini əzib. Avtomobil məktəb avtobusuna çırpıldıqdan sonra dayanıb, pnevmatik tapança ilə silahlanmış sürücü polis tərəfindən yaralı olaraq ələ keçirilib. Xəstəxanaya aparılan cinayətkarın idarə etdiyi avtomobildən hücumu İŞİD qruplaşması üçün etdiyini bildirən qeyd tapılıb.
Terrorçuluq maddəsi üzrə ittiham olunan Saipovu ya ömürlük həbs, ya da edam cəzası gözləyir. Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, terrorçu hücumu həyata keçirmək üçün qəsdən Hellouin bayramını seçib. Belə ki, həmin gün küçələrdə çoxlu insan olur.