DÜNYA
Donald Tramp “Rusiya işi” üzrə xüsusi prokuroru mühakimə etməyə çağırıb
Vaşinqton, 29 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində xəyanətə görə “Rusiya işi” üzrə xüsusi prokuror Robert Mülleri və bir sıra digər şəxsləri, o cümlədən baş prokurorun müavini Rod Rozenşteyni, hüquq mühafizə orqanlarının sabiq əməkdaşlarını və prezidentin bəzi siyasi opponentlərini mühakimə etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Tramp yönümlü “The Trump Train” tvitter-akkauntda Prezidentin retvitlərindən birində onun Rusiya ilə bağlı təhqiqat əleyhinə şərhində hədəfə aldığı bir neçə insanın, o cümlədən Müllerin, keçmiş prezident Barak Obamanın, prezidentliyə namizəd Hillari Klintonun, keçmiş baş prokuror Loretta Linçin və Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Kominin qrafik illüstrasiyası yerləşdirilib. Prezident retvitə bu şərhi əlavə edib: “İndi, Rusiya müdaxiləsinin yalan olduğu sübuta yetirildiyi üçün xəyanətə görə məhkəmələr nə vaxt başlayacaq?”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton