DÜNYA
Donald Tramp Türkiyə ilə ticarətdə imtiyazlı rejimi ləğv edib
Bakı, 17 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp mayın 17-dən Türkiyəni ixrac üçün preferans proqramı adlanan benefisiarlar - inkişaf etməkdə olan ölkələr siyahısından çıxararaq onunla imtiyazlı ticarət rejimini ləğv edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Mən Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq 2019-cu il mayın 17-dən onun benefisiarlar – inkişaf edən ölkələr sırasından çıxarılmasının məqsədəuyğun olduğu qənaətinə gəlmişəm”, - deyə ABŞ prezidentinin bəyanatında bildirilir. Buna müvafiq olaraq Vaşinqton Ankara ilə xüsusi imtiyazlı rejim ticarətini ləğv edir.
ABŞ lideri öz qərarı barədə ABŞ Konqresini və Türkiyə hakimiyyətini məlumatlandırıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ hakimiyyəti Türkiyənin ixrac üçün preferans proqramında iştirakını yenidən nəzərdən keçirəcəyi barədə məlumat yaymışdı. Bundan əlavə, Ankara 1,78 milyard dollar həcmində ABŞ məhsullarına əlavə rüsumlar tətbiq etmişdi.