İQTİSADİYYAT


Donald Tramp neftin qiyməti üçün yenə OPEC-i günahlandırıb

Bakı, 5 iyul, Nihad Budaqov, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp neftin qiyməti üçün yenə Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) günahlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün “Twitter” səhifəsində yazıb.

“OPEC neftin qiymətinin artdığını və bunun üçün çox az səy göstərdiyini xatırlamalıdır. Onlar neftin qiymətini bahalaşdırır və ABŞ OPEC-ə üzv ölkələrin çoxunu cüzi gəlir müqabilində müdafiə edir. Bu iki istiqamətli bir yol olmalıdır. İndi qiyməti azaldın!”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın öz müttəfiq ölkələri və şirkətlərdən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsi “qara qızıl”ın qiymətinin son günlərdə kəskin bahalaşmasına səbəb olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Bu il iyunun 22-də isə Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclası zamanı OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarı ilə OPEC+ üzrə neft hasilatı hədəf olaraq sutkalıq 1 milyon barrel artırılıb. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.