DÜNYA
Donald Tramp və Şinzo Abe Şimali Koreya məsələsində vahid mövqe nümayiş etdirirlər
Tokio, 27 may, AZƏRTAC
Yaponiya və ABŞ liderləri Şimali Koreyaya qarşı vahid cəbhədə çıxış edərək onun öz raket və nüvə proqramlarından imtina etməsinə çalışırlar.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Şinzo Abe və Prezident Donald Tramp Tokioda keçirilən müzakirələri başa vurduqdan sonra iki ölkə arasındakı ittifaqa sadiqliklərini bir daha bəyan ediblər.
Ş.Abe bildirib ki, o və Donald Tramp Şimali Koreya məsələsində vahid mövqedən çıxış edirlər. D.Tramp bununla tamamilə razılaşdığını deyib. ABŞ Prezidenti təsdiq edib ki, onun ölkəsinin Şimali Koreyaya qarşı siyasəti güc vasitəsilə sülhün əldə edilməsinə xidmət edir.
Yaponiyanın Baş Naziri bildirib ki, D.Tramp onun ölkəsi üçün çox vacib olan bir məsələdə - oğurlanan Yaponiya vətəndaşları məsələsində onunla həmrəydir. Həmin gün oğurlanan yaponların ailə üzvləri ilə görüşən ABŞ Prezidenti bu şəxslərin vətənlərinə geri dönməsi ilə məşğul olacağını bildirib.
Eyni zamanda, Yaponiyanın Baş Naziri Şinzo Abe məsələnin həlli üçün Şimali Koreya lideri ilə heç bir ilkin şərt olmadan görüşmək niyyəti barədə fikrini bir daha təsdiq edib.
Yaponiya və ABŞ liderlərinin görüşü zamanı apreldə başlamış ticari danışıqlar barədə müzakirələrin davam etdirildiyi də bildirilir. Ş.Abe qeyd edib ki, hər iki tərəf bu danışıqların sürətləndirilməsi niyyətindədir.
Bununla razılaşdığını bildirən D.Tramp isə tezliklə onların bu barədə kifayət qədər informasiyaya malik olacaqlarını qeyd edib.
ABŞ Prezidenti, eyni zamanda, bildirib ki, Yaponiya ilə onun ölkəsi arasında ticarət defisiti həddindən artıq böyükdür və tərəflər bunun aradan qaldırılmasına çalışırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio