CƏMİYYƏT
Dönərxanaların sağlamlaşdırılması ilə əlaqədar yeni layihə həyata keçirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və ABAD-la birlikdə yeni layihənin həyata keçirilməsinə başlanılıb. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyin aidiyyəti dövlət qurumları ilə birgə dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə keçirilən layihəyə həsr olunan onlayn mətbuat konfransında məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl agentliyin təşəbbüsü ilə həyata keçirilən layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə edəcəyini bildirib. Onun dediyinə görə, ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur. Qeyd olunub ki, layihə üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev məlumat verib ki, nazirlik yanında agentlik tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin ediləcək. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.
ABAD-ın xidmət sahələri və satışın təşkili departament müdiri Camid Mövsümov bildirib ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.
Sumqayıtdan olan KOB dostu Elmar Rzayev onlayn konfransda öz çıxışında qeyd edib ki, mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, ABAD publik hüquqi şəxs kimi layihə iştirakçılarının potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndir, təhlilini aparır, layihə çərçivəsində keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verir və iştirakçılara daimi əsasda ABAD xidmətləri göstərir.
Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zənciri nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.