MƏDƏNİYYƏT
Donni Montel: Bakıdakı “Eurovision” mahnı müsabiqəsindən sonra bu yarışmaya yenidən qoşulacağıma əmin idim VİDEO
Stokholm, 10 may, AZƏRTAC
Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindəki çıxışımdan sonra bu yarışmaya yenidən qoşulacağıma əmin idim. Azərbaycan tamaşaçıları olduqca mülayim idi. Şəhəriniz gözəl, insanlarınız qonaqpərvərdirlər.
Bu sözləri Litvanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Donni Montel AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib. O, yarımfinala cidd-cəhdlə hazırlaşdığını bildirib, finala vəsiqə qazanacağına əminliyini söyləyib.
Donni Montel Bakıda keçirilən bir sıra festivallara qatılmaq arzusunda olduğunu deyib: “Yeni albomlar üzərində çalışıram. Müsabiqədən dərhal sonra bir çox ölkələrdə konsert proqramları ilə çıxış edəcəyəm. Azərbaycana da səfər etmək arzusundayam. Mən müsabiqədə iştirak etməyimin sevincini yaşayıram və yarışmada hər kəs kimi qalib olmaq arzusundayam. Həm performansımı, həm də mahnımı Avropa tamaşaçısının bəyənəcəyinə inanıram. Azərbaycanı çox sevirəm. Səmra Rəhimli ilə məşqlərdə tanış oldum. Azərbaycana bu müsabiqədə uğurlar arzulayıram. İnanıram ki, Litva və Azərbaycan təmsilçiləri layiqli yerləri qazanacaqlar”.
Litva təmsilçisi iki ölkənin beynəlxalq arenada bir-birini daim dəstəklədiyini, Azərbaycanın Avropaya inteqrasiya edən ölkə olduğunu vurğulayıb.