CƏMİYYƏT


Donorluğun həyat üçün çox böyük əhəmiyyəti var

Bakı, 8 avqust, AZƏRTAC

Qan orqanizmin birləşdirici toxumalarına aid olan, insan bədənində dövr edən müxtəlif funksiyaları yerinə yetirən mayedir. Öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, onlardan isə karbon qazını ciyərlərə və böyrəklərə daşıyır. İnsanlarda embrional həyatın üç və dörd həftəsində qan yaranmağa başlayır, bədənin orta hesabla 7 faizini təşkil edir. Tərkibinə görə isə iki hissəyə ayrılan qan plazma və formalı elementlərdən ibarətdir. Plazmanın təxminən 92 faizi sudan, 8 faizi isə üzvi və qeyri-üzvi maddələrdən ibarətdir.

Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadənin AZƏRTAC-a verdiyi məlumata görə, qanvermə hüceyrələrinin yenilənməsinə, gündəlik həyatımızda bəzi şikayətlərin aradan qaldırılmasına da kömək edir: “Donorluğun xəstə həyatı üçün olduqca böyük əhəmiyyəti var. Qan vermək arterial təzyiqin aşağı salınması, risk qrupuna daxil olan ürək şikayətlərinin xeyli aşağı düşməsi, stres və gərginliyin daha yüngül keçirilməsinə səbəb olur. Qan komponentlərinin tərkibində olan qan hüceyrələri sümük iliyində yaranır. Donor olanlarda sümük iliyi yaranması yenilənir və yağlanmanın qarşısı alınır”.

Həkim-hematoloq onu da qeyd edib ki, donor olarkən proses zamanı qanda olan bəzi müayinələr ödənişsiz həyata keçirilir: “Fiziki sağlam insan, ürək şikayəti, ağciyər, bronxial astma, infeksion xəstəliklər, şəkərli diabet, habelə digər yanaşı xəstəliklər yoxdursa, donor ola bilər. 18-65 yaş aralığında olan hər kəs qan verə bilər. Bir vahid qan verərkən itirilən maye həcmi bir sutka ərzində 2-3 stəkan maye qəbul edilməsi ilə bərpa olunur”.

Qeyd etmək lazımdır ki, bəzən orqanizmdə qanın miqdarının çox olması halları da müşahidə olunur. Xüsusilə də buna yuxarı atmosfer təzyiqi yüksək olan dağlıq və dağətəyi regionlarda yaşayanlarda rast gəlinir. Onlarda oksigen təzyiqi qanda eritrosit səviyyəsi və hemoqlobinin yüksək olmasına səbəb olur. Bu isə mütəmadi olaraq başağrısı, barmaq uclarının keyiməsi kimi problemlər yarada bilər. Qan verməyin orqanizmə müsbət təsiri ilə yanaşı, başqasının həyatını xilas etməkdə də böyük əhəmiyyəti var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.