CƏMİYYƏT
Doqquz ay ərzində 3 milyondan çox müxtəlifcinsli əkin materialları yetişdirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tinglik idarələrində yerli şəraitə uyğunlaşdırılmış yüksəkkeyfiyyətli əkin materiallarının (zeytun, şirin badam, püstə, nar, tut, əncir və s.) yetişdirilməsini həyata keçirir. Belə ki, doqquz ay ərzində idarələrin tinglik sahələrində 3 milyon 583 min 404 ədəd müxtəlifcinsli əkin materialları yetişdirilib. Müxtəlifcinsli ağac və kol cinslərinin bitişi 92,8 faizə çatıb.
Bu barədə AZƏRTAC-a cəmiyyətin sədri Ramik Əşrəfov məlumat verib.
“Doqquz il ərzində onun xidməti ərazilərində salınmış yaşıllıqların ümumi sahəsi 4148 hektar, əkilmiş ağacların sayı 5 milyon 219 min 159 ədəd olub, suvarılma məqsədilə ən müasir damcılı suvarma sistemləri qurulub.
Son illər 2000 hektara yaxın ərazidə 1 milyon 282 min ədəd zeytun ağacı əkilib ki. Zeytun ağacları 1344 hektar ərazidə kompakt, qalan ərazilərdə isə qarışıq şəkildə əkilib. Bununla da zeytun əkinlərinin sahəsi 3 dəfə artıb”, - deyə sədr qeyd edib.
Xatırladaq ki, 2008-ci ildə yaradılmış “Azəryaşlandşaft” ASC Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin edən bir qurumdur. Cəmiyyət doqquz yaşıllaşdırma idarəsini özündə birləşdirir.