REGİONLAR


Doqquz ayda AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 500-dən çox elmi əsəri nəşr edilib

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində bu ilin 9 aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbirində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sonra bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov 9 ayda aparılan elmi-tədqiqat işlərinin əsas nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bu dövrdə bölmənin əməkdaşlarının 14 monoqrafiyası, 10 kitabı, bir metodik vəsaiti, 308 elmi məqaləsi, 164 konfrans materialı və 5 tezisi olmaqla, 502 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, bir kitab, 79 məqalə, 50 konfrans materialları və 5 tezis xarici ölkədə işıq üzü görüb. Elmi məqalələrdən 13-ü “Clarivate Analytics” olmaqla, 36-sı impakt faktorlu jurnallarda çap olunub. Bir xəritə, bir buklet tərtib edilib. 531 qəzet məqaləsi işıq üzü görüb, 5 monoqrafiya, 2 kitab, 345 elmi məqalə hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Əməkdaşların 359 əsərinə istinadlar qeydə alınıb. Açıq dünya ensiklopediyası olan vikipediyada 14 yeni məqalə, 5 yeni şablon yaradılıb və 30-dan çox məqalə üzərində redaktə işləri aparılıb.

Qeyd olunub ki, bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının 2 nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə keçirilmiş “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfransının və “Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə” respublika konfransının materialları nəşr olunub. “Naxçıvan tarixi mənbələrdə” kitabı, “Nağı Nağıyev: taleyi və sənəti” məqalələr toplusu hazırlanaraq çapa təqdim edilib.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görüb. Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadratkilometr sahəni əhatə edən geoparkının layihələndirilən ərazisinin geoloji, geomorfoloji, landşaft tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri, bu ərazidə yerləşən tarix-mədəniyyət, arxeoloji abidələr siyahısı qruplaşdırılıb, təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Obyektlər barədə kompüter məlumat bazası yaradılıb.

Bu dövrdə, bölmədə Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkiblərinin müəyyən edildiyini, yuyucu vasitə istehsalı üçün hazırlıq işlərinin həyata keçirildiyini bildirən O.Bağırov diqqətə çatdırıb ki, “Şorsu” müalicəvi palçığı həm krem, həm də quru toz formasında istehsalı, o cümlədən Biləv alüminium süxurunun işlənməsindən alınan alüminium sulfatın kalium sulfatla qarşılıqlı təsirindən kalium alüminium zəyinin alınması istiqamətində işlər davam etdirilir. Həmçinin bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq gülab istehsalına başlanılıb. Laboratoriyanın imkanlarından istifadə etməklə çaytikanı, kəklikotu, yovşan, razyana, çöl nanəsi, üzərlik yağları, sarı çiçəkdən həm rəng, həm də toxumundan yağ, eyni zamanda, itburnu doşabı, müxtəlif çeşidli mürəbbələr və kompotlar istehsal etmək nəzərdə tutulub.

Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına əsasən, bölmənin 50 elmi dərəcəsi olan əməkdaşının hazırda 29 ümumtəhsil məktəbdə 8 fənn üzrə nümunəvi dərslər tədris etdiyini deyən şöbə müdiri qeyd edib ki, cari ildə 3 elmi əməkdaşın interaktiv dərsi dinlənilib. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri keçirilib. Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Cari ildə əməkdaşların rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanıblar. Bundan əlavə, hesabat dövründə bölmə əməkdaşları 20-dən çox elm və təhsil müəssisələrinin alimləri ilə sıx elmi əlaqələrdə olub, səmərəli əməkdaşlıq ediblər. Bölmənin 36 əməkdaşı 18 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib. Bölmə üzrə 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək əsərlərin müxtəlif dillərdə nəşr olunmasının zəruriliyini vurğulayıb. Alim cari ildə xaricdə işıq üzü görən əsərlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 29 əsər çox olmasını, xaricdə nəşr edilən məqalələrin sayının artmasını yüksək qiymətləndirib.

Tədbirdə əməkdaşlara fəaliyyətlərini günün tələbləri səviyyəsində quraraq davam etdirmələri ilə bağlı tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.