İQTİSADİYYAT


Doqquz ayda Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 80 faiz artıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 80 faiz artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptmann ilə görüşündə deyib.

Nazir Şahin Mustafayev Azərbaycan-Almaniya çoxşaxəli əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Almaniya kansleri Angela Merkelin bu ilin avqust ayında ölkəmizə səfərinin əlaqələrin inkişafında önəmini diqqətə çatdırıb. Qeyd edib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-sentyabr ayları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 80 faiz artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir. Ümumilikdə, bu ilin 9 ayında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri 42 faiz artıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər dövlət əsaslı podrat layihələrində də iştirak edirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir. Qarşılıqlı razılaşmaya əsasən, azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kursu keçirlər. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında Peşə Tədris Mərkəzi yaradılır. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə müxtəlif layihələr üzrə əməkdaşlıq həyata keçirilir. Ölkəmizin Almaniya ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev enerji, tranzit, kənd təsərrüfatı, sənaye, elektrotexniki avadanlıqların istehsalı, turizm, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptmann Almaniya-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib, əlaqələrin ildən-ilə genişləndiyini, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin əlaqələrin inkişafına əlavə stimul verdiyini qeyd edib. Mark Hauptmann ölkəmizə bir sıra şirkətlərin təmsilçiləri ilə səfər etdiyini və Azərbaycan şirkətləri ilə görüşlərin keçirildiyini, belə görüşlərin davamlı olacağını qeyd edib. Azərbaycan iqtisadiyyatının inkişafını, Almaniyanın Cənub Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 70 faizdən çoxunun Azərbaycanın payına düşdüyünü vurğulayan Mark Hauptmann ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bir sıra sahələrdə olduğu kimi, peşə təhsili sahəsində də ölkələrimiz əməkdaşlıq edir və Almaniya bu sahədə də əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə iştirak edən Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser bir sıra sahələrdə, o cümlədən peşə təhsili sahəsində Azərbaycan-Almaniya əməkdaşlığına dair fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.