İQTİSADİYYAT
Doqquz ayda “Azexport.az” portalına 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında “Azexport.az” portalına 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, bu ilin sentyabrında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,1 milyon dollardır. Sentyabrda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, alüminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və sair məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından cari ilin sentyabrın 30-dək (69 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3 milyard 48 milyon dollar olub.