İQTİSADİYYAT
Doqquz ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 20 milyon kubmetr qaz olub
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin ilk doqquz ayında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20 milyon kubmetr qaz olub. Yanvar-sentyabr aylarında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat və 764 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və TPAO (19 faiz).