İQTİSADİYYAT
Doqquz ayda Energetika Nazirliyinə qaz təchizatı ilə bağlı 301 müraciət daxil olub
Bakı, 14 oktyabr, AZƏRTAC
Cari ilin 3-cü rübü ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və “Qaynar xətt”i vasitəsilə 1308 müraciət qəbul edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 888-i elektrik enerjisi təchizatı, 64-ü qaz təchizatı, 70-i sayğacların quraşdırılması, 3-ü mərkəzi istilik sistemi, 271-i isə digər məsələlərlə bağlıdır. Zənglərin 12-si təşəkkür xarakterli müraciətlər olub.
Ümumilikdə bu ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və “Qaynar xətt”i vasitəsilə 3882 zəng qəbul edilib ki, bunların 2313-ü enerji təchizatı, 301-i qaz təchizatı, 225-i sayğaclaşdırma, 23-ü mərkəzi istilik sistemi, 93-ü təşəkkür, 918-i isə digər məsələlərlə bağlı müraciətləri əhatə edib. Zənglərin 9-u qaz sızması və ya dəm qazı ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olmuş müraciətlər olub.
Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönəldirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.