CƏMİYYƏT
Doqquz ayda Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracı artıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində bu ilin 9 ayı ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Belə ki, yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 40 min 326,7 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 121 faiz artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illə müqayisədə həmin ölkəyə ixrac alma məhsulu üzrə 19 faiz (6641,95 ton), kartof məhsulu üzrə 23 faiz (15 min 795,76 ton), xiyar və kornişon məhsulu üzrə 95 faiz (1994,75 ton), şaftalı və nektarin məhsulu üzrə 182 faiz (14 min 687,37 ton), qarpız məhsulu üzrə 145 faiz (4105,49 ton), təzə üzüm məhsulu üzrə 105 faiz (3140,63 ton), gavalı və göyəm məhsulu üzrə 33 faiz (1407,69 ton), çiyələk məhsulu üzrə 120 faiz (2609,67 ton), armud məhsulu üzrə isə 185 faiz (2984,27 ton) artıb.
Müvafiq dövr ərzində Rusiyaya 114 min 545,47 ton pomidor, 5604,12 ton fındıq, 6181,42 ton soğan, 19 min 294,44 ton təzə albalı və gilas, 1591,84 ton yerkökü və şalğam, 3720,3 ton nar, 963,2 ton isə tütün xammalı məhsulu ixrac olunub.