REGİONLAR


Doqquz ayda Sumqayıtda sənaye məhsulunun həcmində 45 faiz artım qeydə alınıb

Sumqayıt, 17 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda şəhər icra hakimiyyətinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub. Bildirilib ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur.

Hesabat məruzəsini təqdim edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısını müavini Sahib Quliyev ötən dövrdə şəhərdə görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunan uğurlar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı və yaxından dəstəyi sayəsində son iki ildə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Sumqayıt şəhərinin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olub, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib. Qeyd olunub ki, 2017-ci ilin ötən dövrü ərzində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Qlobal maliyyə böhranı və iqtisadi tənəzzülün davam etməsinə baxmayaraq, doqquz ayda şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Ümumi məhsulun həcmi 837,3 milyon manatdan 1 milyard 62 milyon manata çatıb. Sənaye məhsulunun həcmi 246 milyon manat artaraq 790 milyon manat, artım tempi 45 faiz təşkil edib. Ümumi məhsulun tərkibində qeyri-neft sektorunun payı 85 faizdən çox olub. İstehsal olunan məhsulun 90 faizindən çoxu istehlakçılara göndərilib. Şəhərin ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalında dinamik inkişaf təmin edilib. Bütün maliyyə mənbələri hesabına şəhərə yatırılan investisiya həcmi 35 faiz artmaqla, 285 milyon manat olub.

Bildirilib ki, ölkəmizdə sosial-iqtisadi proqramların, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi və sair tədbirlər öz nəticələrini göstərməkdədir. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə 5594 yeni iş yeri açılıb. Onlardan 5190-nı daimidir. İşləyənlərin orta aylıq əməkhaqqı 2,2 faiz artmaqla 403 manata çatıb. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondundan 9 layihə üzrə 13,2 milyon manat güzəştli kredit alınıb, bunun nəticəsində 200-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Məruzədə hesabat dövründə şəhər əhalisinin su, təbii qaz, işıq, telekommunikasıya və nəqliyyat xidmətlərinin təşkili, həmçinin təhsil, səhiyyə, mədəniyyət, idman, gənclərlə iş, vətəndaşların müraciətlərinin baxılması məsələlərindən də danışılıb.

Məruzə ətrafında çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, şəhərin və şəhərətrafı bəzi ərazilərdə məişət tullantılarının saxlanıldığı yerlərin lazımi səviyyədə qurulması, şəhər təsərrüfatının iş ahənginin daha da gücləndirilməsi və digər məsələlərə toxunublar.

Sonda iclas iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.