CƏMİYYƏT
Doqquz ayda elektron xidmətlərinə 7 milyondan çox müraciət daxil olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə elektron xidmətlərdən istifadə sayına görə nazirlik birinciliyini qoruyub saxlayır. Doqquz ay ərzində nazirliyin elektron xidmətlərinə 7 milyon 6 min 756 müraciət daxil olub.
Hazırda “Elektron hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid elektron xidmətlərdir.
Nazirliyin elektron xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilir. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” belə elektron xidmətlərdəndir. Həmçinin “Sığortaolunanlara məlumatların verilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlərdən istifadə sayı daim artır.
Təkcə ötən ay nazirliyin elektron xidmətlərinə keçən ilin sentyabrı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 min 205 müraciətin olunması da bunu təsdiqləyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.