İQTİSADİYYAT
Doqquz ayda vergi orqanlarına daxil olmuş müraciətlərin 70,6 faizi müsbət həll edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
2018-ci ilin 9 ayı ərzində vergi orqanlarına daxil olmuş 71583 müraciətin 91,2 faizi ərizə, 8,5 faizi şikayət, 0,2 faizi isə təklif xarakterli olub.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 4,4 faiz azalıb. Daxil olmuş müraciətlər müxtəlif arayışların alınması, kameral vergi yoxlamaları, vergi borcları, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, vergi qanunvericiliyinin tətbiqi, səyyar vergi yoxlamaları və digər məsələlərlə bağlı olub.
Baxılmış müraciətlərdən 70,6 faizi tam, 0,4 faizi qismən müsbət həll olunub, 24,7 faizi barədə müvafiq izahatlar verilib, 1,9 faizi baxılmamış saxlanılıb, 1,6 faizi əsassız hesab olunub, 0,6 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib. Müsbət həll olunmuş müraciətlərin 49 faizi müxtəlif arayışların alınması, 22,3 faizi kameral vergi yoxlamaları, 11,4 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib.
2018-ci ilin 9 ayı ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən, ümumilikdə, 3136 vətəndaş qəbul edilib.