İQTİSADİYYAT
Doqquz ayda verilən çıxarışların sayı 18,1 faiz artıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində 259 min 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz çoxdur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, doqquz aylıq göstəricinin 63 min 315-i (24,4 faiz) ilkin,196 min 483-ü (75,6 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 min 718-i fərdi yaşayış və bağ evi, 65 min 872-si mənzil, 148 min 840-ı torpaq sahəsi, 2636-sı qeyri-yaşayış binası, 5101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.
Doqquz ayda dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2 faizi Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32 min 327 olub.
Doqquz ayda 203 min 254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artım deməkdir.
Yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz artaraq 51 min 347 olub.