İQTİSADİYYAT
Doqquz bankın qorunan əmanətçilərinə 206 milyon manatdan artıq kompensasiya ödənilib
Bakı, 24 avqust, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC, "Zaminbank" ASC, "Kredobank" ASC, "Dekabank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Atrabank" ASC, "Bank of Azerbaijan" ASC, "Gəncəbank" ASC və "Texnikabank" ASC üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) AZƏRTAC-a bildiriblər ki, avqustun 23-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 29,3 milyon manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 9,9 milyon manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Avqustun 1-dən Fond "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin, avqustun 22-dən "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Avqustun 23-də "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu il yanvarın 29-dan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 4-dən başlanılıb və seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib. Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən agent bankların filiallarında başlanılıb və seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib.