İQTİSADİYYAT
Doqquz bankın qorunan əmanətçilərinə 232 milyon 345 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən sentyabrın 1-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 milyon 211 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 37 milyon 168 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 15 milyon 931 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 76 milyon 969 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 10 milyon 790 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 9 milyon 371 min manatı "Atrabank"ın, 1 milyon 419 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 630 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 586 min manatdan çoxdur.
Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 232 milyon 345 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.