CƏMİYYƏT


Doqquz işəgötürən barədə məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib

Bakı, 2 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmət tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu sahədə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı doqquz işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etməsi üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına və tövsiyələrə əməl etməyi məsləhət görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.