İQTİSADİYYAT
Doqquz rayonda kənd turizmi sahəsində daha 50 sahibkarlıq subyekti yaradılacaq VİDEO
Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC
Keçən ilin mayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Müsbət nəticələr nəzərə alınmaqla, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilib. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov söyləyib.
O bildirib ki, aqroturizm yeni sahə olduğu üçün onun təşviqinə xüsusi diqqət yetirilmədir. “Bu gün qlobal səviyyədə turizm sənayesində çalışan böyük şirkətlər aqroturizm seqmentinə kifayət qədər böyük sərmayələr yatırırlar. Yerli və xarici investorların bu sahəyə cəlb edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Müvafiq sahədə sahibkarların və obyektlərin hazırlanması ilə yanaşı, satış kanallarının genişləndirilməsinə də ciddi zərurət var. Bu baxımdan, tur-operatorlar maraqlı paketlər hazırlamalı və yeni marketinq siyasətləri formalaşdırılmalıdır. Bu gün ölkələr turist axınının cəlb edilməsi uğrunda ciddi mübarizə aparırlar. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır”, - deyə O.Məmmədov əlavə edib.