REGİONLAR
Doqquz şəhər və rayonun məktəbliləri cənub bölgəsində səfərdədir
Masallı, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın paytaxtın Sabunçu, Nərimanov, Nizami, eləcə də Zaqatala, Balakən, Qax və Tərtər rayonlarının, Yevlax və Şuşa şəhərlərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 17-də cənub bölgəsinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları səyahətlərinə Masallı rayonundan başlayıblar.
Məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.
Maarifləndirici aksiyanın iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Səyahətlərinin birinci günü məktəblilər Masallıda, həmçinin rayon Tarix-Diyarşünaslıq və Azərbaycan Dövlət Rəmzləri muzeylərində, Bayraq Meydanında, Uşaq İncəsənət Məktəbində və “ASAN həyat” kompleksində olublar.
Masallıdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna gəliblər. Onlar Lənkərandakı “Qafqaz sahil”, “Lux” otellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində, “Şah sarayı”nda yerləşiblər.
Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Tur-aksiya noyabrın 18-də Lənkəran rayonunda davam edəcək.