CƏMİYYƏT
Dörd avtomobildən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 8 yanvar, AZƏRTAC
Paytaxtın Nərimanov və Nəsimi rayonlarında avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda dörd avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Astara rayon sakini İbrahim Əlizadə olması, həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyənləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini A.Qazıyevanın “Opel” markalı avtomobilindən içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.