REGİONLAR


Dörd ayda Şəki rayonu üzrə heyvan sahiblərinə 97,5 min manat subsidiya hesablanıb

Şəki, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Şəki rayonunda 2819 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 1178 baş buzov və balaq doğulub. Dörd ayda Şəki rayonu üzrə 882 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 975 baş cinsi yaxşılaşdırılmış buzova görə 97 min 500 manat subsidiya hesablanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 429 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni yolla mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni yolla mayalandırılan heyvanların sayı ilbəil artır.

N.Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, ötən 7 ilə yaxın bir müddətdə Şəki rayonu üzrə 11 min 371 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 13 min 540 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 354 min 400 manat subsidiya ödənilib.

Sektor müdirinin sözlərinə görə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 4 ayda Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz, süd istehsalı isə 1,6 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.