İQTİSADİYYAT
Dörd ayda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 12,2 faiz artıb
Bakı, 24 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin yanvar-aprel ayları ərzində 107 min 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, dörd aylıq göstəricinin 26 min 354-ü (24,5 faizi) ilkin, 81 min 198-i (75,5 faizi) isə təkrar qeydiyyatın payına düşüb. Keçən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 13,7 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15 min 37-si fərdi yaşayış və bağ evi, 26 min 975-i mənzil, 61 min 841-i torpaq sahəsi, 1147-i qeyri-yaşayış binası, 2261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd edək ki, dövr ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28 min 397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.