İQTİSADİYYAT


Dörd ərazidə yağış sularının yığılmasının qarşısını almaq üçün kollektorlar tikilib

Bakı, 4 avqust, AZƏRTAC

Dörd ərazidə yağış sularının yığılmasının qarşısını almaq üçün kollektorlar tikilib.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir. Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 4 ərazidə - Böyükşor gölü, Ramana Südçülük Sovxozu və Binəqədi şosesi və Ə.Əliyev küçəsində tikinti-quraşdırma işləri başa çatdırılıb, digər istiqamətlərdə layihələrin icrası davam etdirilir. Qısa müddətdə tikintisi nəzərdə tutulan 21,5 kilometr kanalizasiya kollektorlarının 11,5 kilometrlik hissəsi inşa edilib.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 kilometr uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 kilometr uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.

Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə işlərin birinci mərhələsi yekunlaşıb. Göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla 4,7 kilometr kollektor tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.

Hazırda digər layihələr üzrə də işlər davam etdirilir. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda, bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq.

Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” ASC-yə 14,7 milyon manat vəsait ayrılıb. İcra olunan layihələrə Ziya Bünyadov prospekti boyu, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu, Binəqədi şosesi boyu, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu, Sabunçu rayonu ərazisində, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi daxildir. Həmçinin Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün kollektorun tikintisi və Sabunçu rayonu “Şuşa” şəhərciyi ərazisində, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu, Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.