REGİONLAR
Dörd əsrə yaxın yaşı olan tarixi Nügədi qəbiristanlığının tədqiqata ehtiyacı var VİDEO
Quba, 20 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubadakı dörd əsrə yaxın yaşı olan tarixi qəbiristanlıqda araşdırma işlərinin aparılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, rayonun I Nügədi kəndində yerləşən XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid edilən qədim məzarlıqda dörd minə yaxın qəbir var.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qorunan qəbiristanlıqda genişmiqyaslı tədqiqat işləri aparılmayıb.
Quba rayonu üzrə baş tarixi abidə mühafizi Minirə Musayeva bildirib ki, tarixi qəbiristanlıq bərpaya və tədqiqata ehtiyacı olan tarixi abidələr sırasındadır.
Qədim qəbir daşlarının üzərində yazılar əski ərəb əlifbasındadır. Burada dəfn olunanların kimliyini müəyyənləşdirmək üçün bu yazıları oxuya bilən mütəxəssislərə ehtiyac var. Yalnız bundan sonra qəbiristanlıqda həmin dövrün hansı tarixi şəxslərinin, ictimai xadimlərinin dəfn olunduğunu müəyyənləşdirmək olar.
İki hektar ərazini əhatə edən məzarlıqdakı qədim qəbir daşlarının qorunması üçün ərazinin hasarlanması nəzərdə tutulub.
Quba rayonu ərazisində I Nügədi kənd qəbiristanlığı ilə yanaşı Xınalıq, Ağbil, Dəvədabanı, Sirt-Çiçi və başqa yaşayış məntəqələrində də tarixi məzarlıqlar mövcuddur.