REGİONLAR
Dörd gündə 928-dən çox rəsm və əl işi satılıb
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı davam edir. Ümumilikdə, oktyabrın 1-dən başlayaraq sərgi-satışda 250 şəxsin 11 min 20 manat dəyərində 928-dən çox əl işi satılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın nazirlik, komitə, idarə, təşkilat və müəssisələrinin kollektivləri sərgilənən və satışı təşkil olunan sənətkarlıq nümunələrinə baxıblar. Məlumat verilib ki, sərgi-satışa, ümumilikdə, 305 müəllifin 3 min 926 əl işi çıxarılıb. Burada istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların da əl işləri sərgilənir.
Naxçıvanın qədim memarlıq abidələri və Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı əl işləri sərgi iştirakçıları tərəfindən rəğbətlə qarşılanır.
Sərgi-satış oktyabrın 10-dək davam edəcək.