REGİONLAR
Dörd rayonda su təchizatı sisteminin və tibb məntəqəsinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalanıb VİDEO
Şəmkir, 6 mart, Famil Quliyev, AZƏRTAC
Martın 6-da Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” vasitəsilə həyata keçiriləcək “Şəmkir rayonunun Dəllər kəndində su təchizatı sisteminin tikintisi”, “Şəmkir rayonunun Atabəy kəndində tibb məntəqəsinin tikintisi”, “Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində su təchizatı sisteminin tikintisi”, “Ağstafa rayonunun Saloğlu kəndində tibb məntəqəsinin tikintisi” və “Gədəbəy rayonunun Dəyirmandağ kəndində tibb məntəqəsinin tikintisi” layihələri üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları rayonda aparılan işlər barədə məlumatlandırıb.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi Şəmkir rayonunda olmağından məmnunluğunu bildirib. Qeyd edib ki, keçən il Novruz bayramını şəmkirlilərlə bir yerdə keçirib və unudulmaz anlar yaşayıb.
Sonra imzalanma mərasimi olub.
Bildirilib ki, layihələrin əsas məqsədi 4 rayonda su təchizatı və tibb məntəqəsinin tikilməsi ilə yerli sakinlərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. İndiyədək yuxarıda qeyd olunmuş layihələr də daxil olmaqla, Daşkəsəndə 2, Ağstafada 2, Gədəbəydə 6 və Şəmkirdə də 6 layihə üzrə qrant müqavilələri imzalanıb.
“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn layihələrini dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 222, ümumi dəyəri isə 18.950,433 ABŞ dolları təşkil edir.