REGİONLAR


Dörd yaşlı oğlumu da döymüşdülər... – Xocalı faciəsinin şahidi əsirlikdə baş verənlərdən danışdı VİDEO

Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gecənin zülmət qaranlığında atəş səslərini eşidib evdən çölə çıxdıq. Hamı ayaqyalın evlərini tərk edib qaçırdı. Məndə yoldaşımı və oğlumu götürüb meşəyə tərəf qaçdım. Oğlumun 4 yaşı var idi. Hər şey bir anda baş verdi və biz əsir düşdük...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Xocalı faciəsinin canlı şahidlərindən olan və həmin gecə ermənilərə 4 yaşlı oğlu ilə birgə əsir düşmüş Nuriyət Məmmədov söyləyib.

Məmmədov Nuriyət Namaz oğlu 1955-ci ildə Xankəndi şəhərində anadan olub. Xankəndi şəhər 4 nömrəli məktəbdə təhsil alıb. Doğulduğu doğma Xankəndidən ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya köçüb. Burada bərbər çalışaraq ailəsini dolandırıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Xocalıdan da didərgin salınıb.

O, həmin gecə ailəsi ilə birlikdə Qarqar çayını keçdikdən sonra meşəyə tərəf qaçdığını və həyatının ən əzablı günlərinin də elə buradan başlandığını deyib: “Silah-sursatımız yox idi. Amma onlar əliyalın əhalinin üzərinə silah və texnika ilə gəlirdilər. Böyük, kiçik, cavan, yaşlı heç kimin gözünün yaşına baxmır, qəddarlıqla qətlə yetirir, işgəncələr verirdilər. Biz xeyli getdikdən sonra rəhmətlik Əlif Hacıyevin şəhid olduğunu gördüm. Onun avtomatını götürərək ailəmi qorumağa başladım.”

Meşənin qaranlığında bir çox dinc insan kimi məsum gənc ailə də yollarını itirir. Bir tərəfdən şiddətli soyuq və yağan qar, digər tərəfdən də quduz it kimi üzərlərinə şığıyan düşmən qüvvələri onları çaş-baş salır. Həmin məşəqqətli gecədə N.Məmmədov 4 yaşlı oğlu Namiq ilə birgə düşmənə əsir düşür.

“Avtomatımın gülləsi qurtaranda məni mühasirəyə aldılar. Sonra bizi Əsgərana apardılar, kameraya saldılar. İçəri bir erməni daxil oldu və məni çölə çıxardı. Çöldə başıma zərbə ilə vurdular, sonra bədənimi təpikləməyə başladılar. Elə döymüşdülər ki, qabırğalarım qırılmışdı. Kameraya qayıtdıqda gördüm ki, körpə uşağı da döyüblər... Arvad-uşaq demədən hər kəsi döyürdülər. Kameralar insanlarla dolu idi, 83 azərbaycanlı vardı”, - deyə Xocalı faciəsinin canlı şahidi o dəhşətli günləri xatırlayır.

Nuriyət Məmmədov deyir ki, sonralar onları erməni hərbçilərinin meyitləri ilə dəyişdirərək Ağdama gətiriblər.

Xocalı soyqırımı: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.

İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.