REGİONLAR
Dörd yüzdən çox AMAL-çı gənc üçün təlimlərə başlanılıb
İmişli, 15 aprel, Mahir Babayev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş gənclər üçün təlimlər başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəni Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) həyata keçirir. Aprelin 15-dən etibarən İmişli, Bərdə və Zaqatala rayonlarında ilk təlimlərə başlanılıb. Təlimlər biznes ideyalarının işlənməsi və layihələrə çevrilməsi mövzusuna həsr olunub.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən təlimlərə İmişli ilə yanaşı, ətraf rayonlardan da olmaqla, ümumilikdə, 40 nəfər cəlb edilib.
AMAL-çılara kənd təsərrüfatının müxtəlif sahələri üzrə biznes planlarının hazırlanması və inkişaf etdirilməsi barədə məlumatlar verilib, biznesin idarə edilməsi, satış və marketinq, aqrobiznes sahələri ilə bağlı təlimlər keçirilib.
Təlimləri uğurla keçən gənclər əldə etdikləri dəstək sayəsində layihələrini gerçəkləşdirmək şansı qazanacaqlar.
AKİA-nın sədr müavini Namiq Məmmədov bununla bağlı açıqlamasında deyib: “İlk təlimlərdə gənclərin fəallığını və aqrar biznesə böyük həvəsini hiss etdik. Gənclərin biznes ideyalarının reallığa uyğun olması xüsusilə diqqətimizi cəlb etdi. Misal üçün qeyd edim ki, İmişli rayonundakı təlimdə iştirakçıların dərs zamanı çəkdikləri nümunələrdən, tapşırıqlardan heyvandarlıq sahəsinə böyük maraq göstərdiklərini müşahidə etdik. Əminik ki, nümunə üçün təklif edilən layihələr dayanıqlı bizneslərin əsasına çevrilə biləcək”.
Kənd yerlərində gənclərin aqrar məşğulluğunu artırmaq məqsədi daşıyan AMAL layihəsinə ölkə üzrə 1000-dən artıq gənc müraciət edib. 400-dən çox gənc AMAL layihəsində iştirak üçün ikinci mərhələyə - təlimlər mərhələsinə keçə bilib. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan AMAL-çı seçilib.
Gənc fermerlərə BMT-nin Beynəlxalq Əmək Təşkilatının beynəlxalq sertifikata malik təlimçiləri ən yaxşı biznes ideyalarının seçilməsi və biznes planlarının hazırlanmasından əlavə, marketinq, xərclərin hesablanması, investisiyanın idarə olunması, nağd pul dövriyyəsi, hüquqi savadlılığın artırılması istiqamətində də təlimlər keçəcəklər.