MƏDƏNİYYƏT
Dördüncü Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı elan olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 18-dək IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul olunub. Festivalın seçim komissiyası göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Beləliklə, 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.
Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalın ən yaxşı filminə isə "Qran-pri" – diplom və mükafat təqdim ediləcək.
Festivalda yarışan yerli filmlər həm də milli mükafat uğrunda mübarizə aparacaqlar.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20- yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur.
BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.
Festivalın təşkilati işlərini Salnaməfilm Studiyası həyata keçirir.
Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.
Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.