İQTİSADİYYAT


Dördüncü “CEO Lunch Tbilisi” keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

“Caspian European Club” və “Caspian Energy Georgia” Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və SOCAR “Georgia Gas” şirkətinin sponsorluğu ilə fevralın 23-də dördüncü “CEO Lunch Tbilisi”ni təşkil edib.

AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 159 insan itkin düşüb.

Fəxri qonaq qismində “CEO Lunch Tbilisi”də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstanın İnkişaf fondunun direktoru Tornike Rijvadze və Azərbaycanın Gürcüstandakı Səfirliyinin ikinci katibi Fəxri Hacıyev iştirak ediblər.

Fatma Ceren Yazgan dəvətə görə “Caspian Energy Georgia”ya təşəkkür edərək, “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” kimi təşkilatların əhəmiyyətli rolunu vurğulayıb. O, bu cür təşkilatların dövlət sektoru ilə özəl sektor arasındakı əlaqələrin qurulması çərçivəsində vasitəçi kimi iştirak etməsinin olduqca mühüm olduğunu qeyd edib. Səfir, həmçinin sözügedən təşkilatlar və Türkiyə ilə əməkdaşlığın fəallaşmasında maraqlı olduğunu nəzərə çatdırıb.

“İstərdim ki, Türkiyə sahibkarları “Caspian Energy Georgia”nın təşkil etdiyi tədbirlərdə, Azərbaycan sahibkarları isə öz növbəsində Türkiyənin təşkilat və assosiasiyalarının tədbirlərində fəal iştirak etsinlər”, - deyə Fatma Ceren Yazgan əlavə edib.

O, bütün istiqamətlər üzrə əməkdaşlığın fəallaşdırılmasının labüdlüyünü qeyd edib. Səfirin sözlərinə görə, bu gün dövlət dəstəyi almış xeyli layihələr olsa da, ilbəil zəruriliyi artan özəl layihələr də həyata keçirilməlidir: “Yeni texnologiyalar inkişaf edir, yeni imkanlar yaranır ki, onlardan tam şəkildə istifadə edilməlidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsində hər bir ölkənin fəal iştirakı ilə həyata keçiriləcək birgə biznes layihələr mühüm rol oynayır”.

Gürcüstanın İnkişaf Fondunun direktoru Tornike Rijvadze də öz növbəsində “Caspian European Club”un üzvlərini və iştirak edən bütün qonaqları salamlayaraq Gürcüstanda investisiya imkanlarından bəhs edən təqdimatla çıxış edib. Təqdimatda qonaqlara Gürcüstanın vergi sistemi, idxal-ixrac əməliyyatları, Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr, dövlətin hidropotensialı, həmçinin Gürcüstan iqtisadiyyatını irəliləyişinə səbəb olacaq strategiya barədə ətraflı məlumat verilib.

Fəxri Hacıyev isə qeyd edib ki, 2017-ci il ikitərəfli səfərlər, müxtəlif tədbir, forum, sərgi, konfrans, həmçinin mədəni tədbirlər ilə zəngin olub. Bu da öz növbəsində Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə stimul yaradır.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Georgia”nın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Gürcüstan Hökumətinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə, eləcə də “SOCAR Georgia Gas”a minnətdarlığını ifadə edib.

O, 2018-ci ildə xeyli sayda tədbirlərin, eyni zamanda, Gürcüstan Hökumətinin və Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə 2018-ci il aprelin 18-də 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır.

Telman Əliyev, həmçinin əlavə edib ki, mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər sırasına aid ediləcək 7-ci “CEO Lunch Tbilisi” baş tutacaq.

Sonda T.Əliyev Azərbaycan Hökumətinin Azərbaycanın Gürcüstandakı Səfirliyinin və “Caspian Energy Georgia”nın fəal iştirakı ilə Gürcüstanda Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını xatırladıb. Onun sözlərinə görə, Ticarət Evi sərgilər, dəyirmi masalar və forumlar keçirəcək və bu tədbirlər çərçivəsində Azərbaycan istehsalı olan müxtəlif məhsullar nümayiş ediləcək.

“SOCAR Georgia Gas”ın direktoru Azər Məmmədov görüş iştirakçıları üçün təqdimat keçirib, şirkətin fəaliyyəti və “CEO Lunch Tbilisi”nin sponsoru olan şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Görüş iştirakçıları üçün “SOCAR Energy Georgia” və “Fregat Marine” şirkətlərinin təqdimatı keçirilib.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun tənzimlənməsi üçün aparıcı vasitələrdən biri olan “CEO Lunch Tbilisi”, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır.

“CEO Lunch Tbilisi”də sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

T.Əliyev “Caspian European Club”un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb.

Onun sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

“Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un Gürcüstan ərazisində maraqlarını təmsil edən “Caspian Energy Georgia” şirkəti sentyabr ayından Gürcüstanda fəaliyyətə başlayıb. “Caspian Energy Georgia”nın əsas fəaliyyəti biznes-hökumət dialoqunu fəallaşdırmaq və Gürcüstan iqtisadiyyatının müxtəlif sektorlarına xarici investorlar cəlb etməkdən ibarətdir. Caspian Energy Georgia-nın yaradılmasında məqsəd Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq və seminarlar təşkil etmək, həmçinin Gürcüstanın investisiya cazibədarlığını işıqlandıran və Gürcüstanın aparıcı rol oynadığı neft və qeyri-neft sektorlarına aid layihələrdən bəhs edən informasiya layihələrini həyata keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.