ELM VƏ TƏHSİL
Dördüncü Sənaye İnqilabı, süni intellekt və rəqəmsal sosiologiya - elmi konfrans
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda “Dördüncü Sənaye İnqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fəlsəfə və sosiologiya elmlərinin qarşılıqlı əlaqələrinə toxunub. O, hər iki elmin bir-birindən asılı olduğunu, sosiologiya elminin apardığı təhlillərin cəmiyyəti reallıqları ilə görməyə imkan yaratdığını, fəlsəfə elminin isə bundan irəli gələrək cəmiyyətdə gedən prosesləri fəlsəfi cəhətdən dərindən öyrəndiyini diqqətə çatdırıb: “Əgər sosioloji tədqiqatlar olmasa, fəlsəfə elə bil həyatın özündən yox, daha çox sxemlərdən, nəzəriyyələrdən danışmış olar. Fəlsəfə elminin həyat materialları üzərində qurulması üçün sosiologiya böyük bazadır. Onun həyatla əlaqəli şəkildə inkişafına təminat verir, ölkədə və dünyada gedən prosesləri daha real şəkildə fəlsəfi cəhətdən şərh edib ümumiləşdirməyə imkanı yaradır. Konfransın əhəmiyyəti həm də odur ki, biz sosiologiyanı elm kimi inkişaf etdirməliyik. Sosiologiya elmi ölkəmizdə müəyyən inkişaf yolu keçsə də, elmi cəhətdən geniş deyil və sistem şəklində inkişaf etməyib. Sosiologiya elmi sahəsində yeni nəsil kadrların hazırlanmasında da böyük problemlər var. Cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada sosiologiya üzrə kadra ehtiyac olmasın. Sosioloji cəhətdən təhlil və proqnozlaşdırma olmadan cəmiyyətin nəbzini müəyyən etmək çətindir. Cəmiyyətin nəbzini bilmədən isə fəlsəfəni və digər sahələri inkişaf etdirmək çətindir”.
Akademik İsa Həbibbəyli institutun rəhbərliyinə və şöbə müdirlərinə yeni nəsil sosioloq kadrların hazırlanması barədə tapşırıqlarını verib.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli AMEA-da süni intellektlə bağlı aparılan tədqiqatlardan danışıb, 2021-ci ildə süni intellekt üzrə iki, 2022-ci ildə isə doqquz elmi nəticənin ictimaiyyətə təqdim olunduğunu deyib. Qeyd edib ki, onların sırasında Fəlsəfə və Sosiologiya İnstitutu da olub və süni intellektə dair tədqiqatların Humanitar və İctimai Elmlərə gəlib çatması sevindirici haldır.
“Süni intellekt bizə nə üçün lazımdır? Dördüncü Sənaye İnqilabı ilə bağlı nəzəriyyələri oxusanız, çap olunan materialları nəzərdən keçirsəniz, görərsiniz ki, süni intellektsiz bundan sonrakı həyatı proqnozlaşdırmaq, təhlil etmək, elmi cəhətdən dəyərləndirmək və qiymətləndirmək çətin olacaq. Böyük Qayıdış hərəkatından sonra Prezidentin atdığı addımlar əsasında “ağıllı” kənd anlayışı həyatımıza daxil oldu. Bu özü süni intellektin məhsuludur. Süni intellekt insan fəaliyyətinə adekvat olan rəqəmsal və avtomatlaşdırılmış fəaliyyət deməkdir. Elmi-texniki tərəqqi hansı ölkədə inkişaf edirsə, o dövlət irəli gedir. Elmi-texniki nailiyyətlər həyatımızın bir parçasına çevrilib, daşıyıcısı olub. Buna informasiya cəmiyyəti deyirlər. İnsanla robotlar, texnologiyalar arasında fərq azalır, eyniləşir. Süni intellektin apardığı təhlillərlə cəmiyyəti inkişaf etdirməliyik”.
Akademik İsa Həbibbəyli AMEA-da elektron xidmətlər sahəsindəki mövcud problemlərə də toxunub və alimlərin “Google scholar”da və digər beynəlxalq bazalarda öz profillərini yaratmaları ilə bağlı tövsiyələrini verib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə süni intellekt və rəqəmsal sosiologiya, virtual laboratoriya - fəlsəfə qarşılıqlı əlaqələrinin aspektində hansı yöndə inkişaf etdirilməsi üzərində düşünməyin vacibliyini vurğulayaraq, süni intellektin bundan sonra da fəlsəfi cəhətdən daha geniş araşdırılmasının davam etdiriləcəyini bildirib.
Tədbirdə, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, həmin Mərkəzin, eləcə də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, Türkiyənin Atatürk, Yıldırım Bayazit universitetlərinin əməkdaşlarının və monqolustanlı alim T.Uqanbayarın Dördüncü Sənaye İnqilabı və süni intellektə dair məruzələri dinlənilib.