ELM VƏ TƏHSİL


Dosent Aynel Məşədiyeva: Yeni hərbi nəzəriyyənin banisi

Bakı, 13 noyabr, AZƏRTAC

“Qarabağ Azərbaycandır!” – Prezident İlham Əliyev birdəfəlik sübut etdi ki, Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsi, əzəli, tarixi torpağımızdır.

Dağlıq Qarabağın və ətraf yeddi rayonun 27 il ermənilərin tapdağı altında qalması çoxlarında torpaqlarımızın geri qaytarılmasına ümid çırağını söndürmüşdü. Lakin Azərbaycan Prezidenti bu illər ərzində torpaqlarımızın düşmən tapdağı altında olduğunu bir an belə unutmadı, ərazilərimizin necə azad edilməsi barədə düşündü və bunu özünün bir nömrəli vəzifəsi hesab etdi. Dövlətimizin başçısı bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi, həm diplomatiya, həm siyasət, həm də hərb sahəsində bütün dünyaya örnək olan özünəməxsus yeni strategiya ortaya qoydu. Azərbaycan Prezidenti buna uzun illərin düşüncəsi, titanik fəaliyyəti, düzgün siyasət yeritməsi, güclü ordu yaratması, diplomatik qabiliyyəti, möhkəm iradəsi sayəsində nail oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Yeni hərbi nəzəriyyənin banisi” adlı məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin növbəti dəfə bu il sentyabrın 27-də hərbi təcavüzündən sonra Prezident İlham Əliyev ordumuzun əks-hücuma başlaması barədə qərar qəbul etdi. Hamı Prezidentin və şanlı ordumuzun ətrafında daha da sıx birləşdi etdirdi.

İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan qovmağa başladı. Döyüş cəbhəsindən davamlı xoş xəbərlər gəldi. Hakimiyyət, ordu və xalq birliyi öz sözünü dedi. Hər keçən gün bizi parlaq qələbəyə yaxınlaşdırdı.

İşğal altında olan rayonlarımızın – Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və digər məntəqələrimizin kiçik bir kəndinin, qəsəbəsinin azad olunması xəbəri xalqımızın bütün zümrələrini, uşaqdan böyüyədək hamını döyüşə gedib, doğma torpaqlarımızı düşməndən təmizləməyə ruhlandırdı. Bu, milli özünüdərkdən, ölkə rəhbərliyinə böyük ehtiramdan irəli gəldi. Bütün bunlar möhkəm birliyimizin sübutudur. O da sübutdur ki, Qarabağın mirvarisi Şuşada qısa müddət ərzində üçrəngli bayrağımız dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mükəmməl rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bütöv Qarabağa, çox yaxın keçmişədək işğal altında olan bütün rayonlarımıza yeni nəfəs verdi.

Əlbəttə, dünya hərb tarixində təzə səhifələr yazan, yeni hərbi nəzəriyyənin banisi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli fəaliyyəti, Vətən müharibəsində şücaət göstərən ordumuz, canları, qanları bahasına işğal altında olan ərazilərimizi azad edən, bu yolda şəhidlik zirvəsinə ucalan oğullarımız haqqında kitablar yazılacaq, filmlər çəkiləcək, elmi-tədqiqat əsərlərində şanlı qələbəmiz, yeni tariximiz öz əksini tapacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Şuşanın azad edilməsini, cəmi ikicə gün sonra isə Vətən müharibəsinin şanlı qələbəmizlə bitməsini, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatı elan etdiyi anlardan xalqımızın şadlandığını, ruh yüksəkliyini, parlaq qələbəmizi ən əziz bayram kimi nümayiş etdiyini görmək, duymaq və duyğulanmaq necə də xoşdur. Belə anları, Prezidentimizin dahiliyini, sadə olduğu kimi sərtliyini, özünün təbirincə desək, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu, torpağımızın hər qarışını sevdiyini, bütün müstəvilərdə - diplomatiyada, siyasətdə, quruculuqda, hərbi sahədə, informasiya mübarizəsində və s. qalib olduğunu dərk edəndə ucadan demək istəyirsən: “Nə yaxşı ki, mən Prezident İlham Əliyevin rəhbərlik etdiyi respublikanın vətəndaşıyam və bu dövlətin paytaxtında yaşayıram, işləyirəm”.

Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” ifadələrini parlaq qələbəmizi təmtəraqla qeyd etmək üçün əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Şəhidlər xiyabanına, park və meydanlara axışan minlərlə həmvətənlərimizdən də eşitmək olurdu.

Respublikamızın bütün bölgələrini, xarici ölkələrdəki səfirliklərimiz və konsulluqlarımızın yerləşdikləri əraziləri bürüyən izdihamlar, sevinc göz yaşları ilə müşayiət olunan xoş sözlər dövlətimizin başçısına, rəşadətli ordumuza, torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman oğullarımıza sonsuz ehtiramın nümunəsidir.

Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi insanlarımıza sevinc göz yaşı qismət etdi. Bu, 30 ildir ki, 10 milyonluq Azərbaycan xalqının gözünün nurunu alan yaş deyil. Əksinə, 20 milyon göz bəbəyinə işıq verən məlhəmdir.

Bəli, Prezidentimiz, xalqımızın xilaskar oğlu, tərs sualları ilə çaşdırıcı mövqedə olan ermənipərəst jurnalistləri, necə deyərlər nokauta salan, mahir diplomat İlham Əliyev və şücaətli ordumuz bizə qismət etdikləri qələbə bayramı ilə bütün Azərbaycanı rövnəqləndirib. Dahi şair Səməd Vurğun demiş: “Ömür rövnəq tapır könül güləndə; insanın qədrini insan biləndə”.

On milyonluq xalqımız dövlətimizin başçısını daim alqışlayır, onun titanik fəaliyyətini bəyənir, dəstəkləyir. Parlaq qələbəmizdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva döyüşlər zamanı yaralanan və hazırda 1 saylı Klinik Tibbi Mərkəzdə müalicə olunan bir qrup əsgərimizlə görüşüb. Göründüyü kimi, ölkə rəhbəri Vətən müharibəsində iştirak edən hər bir əsgərin qayğısına qalır. Torpaqlarımız uğrunda şəhid olan döyüşçülərimizin ailələrinin, valideynlərinin problemləri də daim diqqət mərkəzində durur.

İndi biz bütöv Azərbaycanda yaşayırıq. Yüz minlərlə məcburi köçkün ailəsinin doğma yurdları işğaldan azad edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, yaşayış üçün bütün infrastrukturun yaradılması üçün komissiyaların təşkil edilməsi, xarici ölkələrdən ekspertlərin dəvət olunmaları barədə göstərişlər verib və bu işlərə artıq başlanılıb. Uğurlar olsun!

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi dövr salnaməmizə qızıl hərflərlə yazılır. Paytaxtımızda və digər şəhər və rayonlarımızda yaradılan infrastruktur dediklərimizə sübutdur.

Sonda bir mühüm məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Dünya tarixində elə bir müharibə olmayıb ki, İkinci Qarabağ savaşı kimi cəmi 44 günə bitsin, özü də möhtəşəm qələbə ilə. Bu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.