CƏMİYYƏT
Dosta inam, düşmənə vahimə bəxş edən “Dəmir Yumruq”
Bakı, 22 yanvar, AZƏRTAC
Çoxəsrlik Azərbaycan tarixinin son 200 ili əksərən təlatümlü və taleyüklü məqamlarla müşayiət olunur. Milli dövlətçilik ənənələrimizin yenidən təşəkkül tapdığı bir zaman kəsiyində, məmləkətimiz 1813-cü ildə Gülüstan, ardınca 1828-ci ildə isə Türkmənçay müqavilələri kimi sənədlərlə parçalanaraq müxtəlif imperiyaların tərkibinə daxil oldu. Şübhəsiz ki, bu qəbildən olan situasiyalar milli şüurumuzda dərin travmalar yaratsa da, bütövlükdə azərbaycanlıların etnik kimliyinin mahiyyətini dəyişdirə bilməyib. Bütün bunlarla yanaşı, sözügedən və sonrakı dövrlərdə, Cənubi Qafqazda erməniliyin imperializmin bir aləti kimi peyda olaraq azərbaycanlılara qarşı yürüdülən sistematik məhvetmə siyasətinin ön sırasında yer alması, sülhsevər xalqımızı görünən və görünməyən düşmənlərə qarşı immunitet formalaşdırmağa vadar etdi. Fəqət hər bir mexanizm kimi, bu immunitet də, zaman-zaman zəiflədi və nəticədə uzunmüddətli durğunluq prosesi başladı.
AZƏRTAC İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin mövzu ilə bağlı məqaləsini təqdim edir.
Birinci Qarabağ müharibəsi sovetləşmənin ilkin dövrlərində itirilən Zəngəzurdan sonra ilk torpaq itkisi kimi xalqımızı sarsıtdı. Müstəqilliyin ilk illərində cərəyan edən situasiyaların mürəkkəbliyi qarşısında olduqca ibtidai yanaşma sərgiləyən rəhbərlər vəziyyəti daha da çıxılmaz hala gətirdiyindən yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ermənilərin və havadarlarının qarşısı alına bildi. Bundan sonra isə münaqişənin hüquqi bazisinin formalaşdırılması, habelə haqlı mövqeyimizin erməni lobbilərinin intensiv pozuculuq fəaliyyətinə rəğmən, dünya birliyinə çatdırılması istiqamətində potensialımız səfərbər edildi.
2003-cü ildə ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilməsi ilə yeni mərhələyə qədəm qoyan ölkəmizlə yanaşı, Qarabağ münaqişəsi də növbəti fazaya keçdi. Dövlət başçısı zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində əsası ümummilli liderimiz tərəfindən qoyulmuş milli enerji strategiyalarından Azərbaycanın lehinə geosiyasi situasiyanın formalaşdırılması üçün uzaqgörən və düşünülmüş manevrlər etməyə nail oldu. O cümlədən, ölkədaxili islahat kursunun əhatə dairəsi genişləndirilərək silahlı qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində də olduqca strateji xarakter daşıyan addımlar atıldı. Zaman ötdükcə, Azərbaycan əməkdaşlığın, etibarlı tərəfdaşlığın simvoluna çevrilərək dünya dövlətləri sırasında öz yerini aldı. Bu nöqteyi-nəzərdən, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi uğurlarımızın dahi lider Heydər Əliyevin siyasi kursuna və onun uğurla davam etdirildiyi 2003-cü ilə söykəndiyini əminliklə demək mümkündür.
Bu illər ərzində, müştəbehcəsinə özlərindən “qəhrəman” obrazı yaratmağa çalışan ermənilər ardıcıl provokasiyalar törətməklə, xalqımızın mübarizə əzmini sındırmağa yönəlmiş cəhdlər edirdilər. Ermənilərin “başgicəllənmə”lərinin sürdüyü bu zaman kəsiyində, dövlətimiz hərb ehtimalını da istisna etməməklə sülh yolu ilə problemin həllinə çalışdı. 2018-ci ildən etibarən erməni tərəfinin səmərəsiz bəyanatları və əməlləri ilə sülh prosesindən tamamilə imtinasından sonra isə davamlı təhriklərə baxmayaraq, azərbaycanlılar sarsılmaz qətiyyət göstərən prezidentlərinin ətrafında birləşərək müvafiq geosiyasi situasiyanın yetişməsini gözləməyi bacardılar.
Ötən ilin payızında, erməni rəsmilərinin ərazi bütövlüyümüzü hədəf alan sərsəm bəyanatlarının fonunda cərəyan edən bir sıra hərbi təxribatlar, əslində, onların genişmiqyaslı müharibəyə hazırlıqlarının aşkar göstəricisi idi. Belə bir situasiyada, rəhbər-xalq-ordu vəhdəti tarixi ədaləti bərqərar etmək üçün azğınlaşmış erməni faşizminə qarşı “Dəmir Yumruq” əməliyyatına start verdi. Cəmi 44 gün davam edən müharibədə mənfur düşmən yurdumuzdan qovuldu, onun bütün hərbi potensialı isə darmadağın edildi. Hərbi sahədəki qələbələrimiz diplomatiya sahəsinə də sirayət edərək Ermənistanın kapitulyasiyası və Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Azərbaycan xalqı lider olaraq qəbul etdiyi İlham Əliyevə hər sahədə olduğu kimi Qarabağ münaqişəsinin həllində də, sözün həqiqi mənasında etibar edib. Nəticədə isə, hər bir vətəndaş üçün milli heysiyyət məsələsi olan Şuşa şəhəri ilə birlikdə, yüzlərlə yaşayış məntəqəsi, habelə strateji xarakter daşıyan ərazilər yenilməz iradə göstərən Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunaraq ədalət bərpa edildi. Bu baxımdan, Azərbaycan Prezidentinin mədəniyyət paytaxtımız olan Şuşaya səfəri və orada səsləndirdiyi fikirlər xalqımızın milli hisslərinin tərənnümüdür. Ələlxüsus, dövlətimizin başçısının Vaqifin məqbərəsi önündəki nitqi mahiyyət etibarilə özündə sovet Azərbaycanı tarixinin qısa icmalını ehtiva edirdi. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gələcəkdə meydana çıxa biləcək mümkün erməni iddialarının qarşısını almaq üçün dövrün mürəkkəb ideoloji mühitində, Qarabağ xanlığının ictimai-siyasi həyatının aparıcı simalarından biri olan Vaqifin məqbərəsinin ucaldılması erməni faşizminə vurulmuş ən sarsıdıcı zərbələrdən biri idi. Daha da ləyaqətsizləşmiş erməniliyə qarşı həlledici zərbə isə 38 il sonra, Vətən müharibəsində endirildi.
Əlavə olaraq, dövlət başçısı, ermənilər tərəfindən kütləvi oğurluğa və talançılığa məruz qalmış Şuşanın və digər regionlarımızın tarixi simasının bərpasını nəzərdə tutan hərtərəfli yenidənqurma planının anonsunu verərək Azərbaycanın, əslində, müharibədəki məqsədini də göstərmiş oldu: “Bizim hədəfimiz ermənilərin xəstə və dağıdıcı təfəkküründən fərqli olaraq, Qarabağı dünya miqyaslı mədəni və iqtisadi mərkəzlərdən biri halına gətirməkdir. Məsələn, Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasiminin keçirilməsi, o cümlədən Füzuli-Şuşa yolunun inşasının sürətlə davam etməsi, yerlə-yeksan edilmiş şəhərlərin ayrı-ayrılıqda baş planlarının hazırlanması qeyd edilən arqumenti təsdiq edir”.
Ali Baş Komandanın Cıdır düzündə çay süfrəsi arxasındakı bəyanatları isə şanlı tariximizə qızıl hərflərlə yazıldı: “Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun”. Bu kontekstdə, beynəlxalq ictimaiyyətin və onu formalaşdıran ayrı-ayrı subyektlərin isə Azərbaycanın yaratdığı haqlı geosiyasi reallıqla razılaşmaqdan başqa yolları yoxdur. 30 il ərzində, işğal etdikləri ərazilərdə bir millətin tarixi-mədəni irsini məhv etməyə çalışmış ermənilərə qarşı heç bir ciddi tədbir görməyən beynəlxalq təşkilatlar və qlobal ölkələr, heç olmasa bundan sonra humanist-multikultural dünya dəyərlərindən çıxış edən Azərbaycanın mövqeyini dəstəkləməlidirlər. Çünki erməni faşizmi yalnız lokal xarakterli deyil, eyni zamanda, dünya miqyaslı bir təhdiddir.
Şübhəsiz ki, Qarabağ münaqişəsi və onun ağır nəticələri xalqımızın yaddaşında dərin izlər qoyub. Milli qürur məsələsi olan ərazi bütövlüyümüzün təminatı ölkə prezidentinin istedadı, dərin siyasi təcrübəsi və qətiyyəti sayəsində reallaşdı. Bu amil bir daha göstərdi ki, bütün təzyiqlərə rəğmən, bundan sonra da məmləkətimiz rifah və tərəqqi yolunda əmin addımlarla irəliləyəcək. Azərbaycan xalqı isə onu qürurlu, cəsarətli və yenilməz bir xalq kimi təsdiqləyən Ali Baş Komandana əbədiyyətə kimi minnətdar olacaq.