SİYASƏT
“Dostluq” xeyirxahlıq ənənələrini davam etdirir
Kiyev, 18 oktyabr (AZƏRTAC). Xarkov vilayətinin “Dostluq” Azərbaycan-Ukrayna cəmiyyəti Qurban bayramı ilə əlaqədar oktyabrın 16-da dindarları şəhərin müsəlman məscidində toplamışdır.
Müsəlmanların bu əsas bayramında “Dostluq” cəmiyyətinin üzvləri, diasporumuzun nümayəndələri, Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti Şahin Ömərov, xarici müsəlman tələbələr, Xarkov şəhərinin dindar vətəndaşları iştirak etmişlər.
Ənənəyə görə dua oxunduqdan və qurbanlar kəsildikdən sonra Xarkov vilayətindəki “Harmoniya” sosial-psixoloji bərpa mərkəzinin yetirmələrinə qurbanlıq ət verilmişdir.
“Dostluq” cəmiyyətinin sədri Murad Ömərov uşaqlara Qurban bayramından, onun ənənələrindən və xüsusiyyətlərindən danışmışdır.
Tədbirdə Xarkov vilayət dövlət administrasiyasının kütləvi kommunikasiyalar departamenti direktorunun müavini D.Darmostuk, administrasiyanın dini işlər şöbəsi rəisinin müavini O.Limonova, Xarkov şəhər Sovetinin Dini Birliklərlə İş Bölməsinin müdiri M.Radçenkova, yerli və xarici KİV-lərin nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev