“Dostluq xiyabanında öz ağacını əkməli”
AzerTAg.az
Bakı, 6 avqust (AZƏRTAC). Xantı-Mansı mahalının ictimai-siyasi qəzeti olan, 1931-ci ildən nəşr edilən “Novosti Yuqrı” qəzetində müxtəlif diasporlardan, o cümlədən Azərbaycan diasporundan bəhs edən “Dostluq xiyabanında öz ağacını əkməli” sərlövhəli məqalə dərc edilmişdir. Məqalənin müəllifi jurnalist İrina Çerepanova “Azərbaycanlılar” regional milli-mədəni ictimai təşkilatının fəaliyyətindən yazır.
Təşkilatın sədrinin müavini Arzu İsmayılov Azərbaycan icmasının məscid tikmək planlarından, bu yaxınlarda yaradılmış futbol komandasının uğurlarından söhbət açır.
Bildirir ki, Azərbaycan icması təkcə futbol ilə kifayətlənmək niyyətində deyildir. Payızda tennis, güləş yarışları keçirmək planlaşdırılır. Arzu İsmayılov öz planları barədə yazır: “Yaxşı olardı ki, birgə oyun təşkil etmək üçün şəhər administrasiyasının və milli icmaların futbol komandaları yaradılsın. “Azərbaycanlılar” icmasında fəal gənclər yığışıb, özü də onlar təkcə idmanla məşğul olmurlar”. A.İsmayılovun dediyinə görə, icmada böyüklər kiçiklərə hamilik edirlər. Məqalə müəllifi yazır: “Bu, özünü nədə büruzə verir? Adi, amma zəruri şeylərdə. Üç gənc işlə təmin olunub, daha bir gəncin təhsil almasına kömək göstərilib. Uşaqlar pensiyaçılara baş çəkir, onlara yardım göstərirlər, özü də söhbət müxtəlif millətlərdən olan yaşlılardan gedir”.
Xəbərin mətnində orfoqrafik səhv var