SİYASƏT


“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir. Yerli və beynəlxalq gündəmdə özünəməxsus yer qazanan bu mühüm hadisə bütün maraqlı tərəflər üçün eyni təsirə malik deyil. Bu hadisədən məmnun olanlarla bərabər, olmayanlar da var. Danışıqların aparıldığı mövzunun, məsələnin faktiki və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunmuş bir sənəd imzalanıb və bu sənəd mövzu üzrə münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Xəzər dənizinin, Azərbaycanın neft-qaz sənayesinin öz hekayəsinin olduğunu qeyd edən deputat bildirib: “Ölkəmizdə neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX yüzilliyin 70-ci illərində Xəzər dənizində yeni yataqların kəşf olunması ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında, çağdaşlaşdırılmasında dönüş mərhələsi kimi dəyərləndirilə bilər. Həmin illərdə Ulu Öndərin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni avadanlıqlar, o cümlədən qazma qurğuları, 2500 ton yük qaldıra bilən kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan, borudüzən gəmilər və başqa texniki vasitələr gətirilib.

“XəzərDənizNeft” İstehsalat Birliyi 1970-ci illərdə yaranıb. Keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını respublikamızın neftçilərinə həvalə edib. Dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən qurğuların alınması və istismarı Xəzərin daha dərin sahələrində zəngin neft-qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. Bununla da “Bulla-dəniz” yatağının işlənilməsinə başlanılıb (1975), eləcə də “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1988), “Kəpəz” (1989) yataqları aşkar edilib”.

Q.Paşayeva vurğulayıb ki, Azərbaycan sovet dönəmində olduğu kimi, müstəqillik illərində də, birmənalı olaraq, Xəzərdə dialoq, anlaşma, əməkdaşlıq, sabitlik mühitinin yaradılmasında maraqlı olub. “Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün təşəbbüs göstərən ilk ölkələrdən biridir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə olunmasına xidmət edib. Belə ki, 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında” Saziş, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” Saziş və 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında” Sazişin imzalanmasına nail olunub.

Nəhayət, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb (2018-ci il 12 avqust). Yəni, Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə olunması bir daha Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir”, - deyən komitə sədrinin sözlərinə görə, bizim “Kəpəz”, türkmən qardaşlarımızın isə “Sərdar” adlandırdığı, zəngin neft-qaz ehtiyatlarına malik yataq iki ölkənin dəniz sərhədində yerləşir. Həmin yataq sovet dönəmində bizim neftçilər tərəfindən, dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və orada ilk kəşfiyyat quyusu 1989-cu ildə qazılıb. İndi bu yataq yeni adı, yeni statusu, yeni imkanları ilə tanınır. Bunun adı “Dostluq”dur!

“Beləliklə, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Anlaşma Memorandumunun imzalanması tarixi hadisə kimi ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Həm də “Dostluq” yatağından hasil olunacaq neft və qaz respublikamızın mükəmməl, çoxfunksiyalı infrastrukturu - ixrac kəmərləri ilə daşınacaq. Bu sənədin imzalanması neft-qaz ixracatçısı olan respublikamızın həm də tranzit ölkə kimi önəmini artıracaq, eləcə də Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsində önəmli rol oynayacaq.

Böyük beynəlxalq və regional əhəmiyyəti olan memorandumun imzalanması Xəzər dənizində enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, xarici sərmayədarların bu layihələrə cəlb edilməsi, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün yeni imkanlar yaradır”, - deyə Qənirə Paşayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.