SİYASƏT


“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir

Bakı, 22 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını hələ 2020-ci ilin yekunlarına dair müşavirədə anons etmişdi. Ötən gün Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması bu yeniliklərin ilk nümunəsidir. Əlbəttə, imzalanmış Memoranduma əsasən yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Bu mənada, memorandumun imzalanması tarixi hadisədir, həmçinin Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Bu yataqdan hasil olunacaq neft və qazın Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu, o cümlədən ixrac kəmərləri vasitəsilə daşınacağını vurğulayan Sədaqət Vəliyeva bildirib: “Bu sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Bu baxımdan, sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, xarici investorların bu layihələrə cəlb edilməsi, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olması ideyasını möhkəmləndirir, Xəzərdə əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. Hətta bu il Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zivə görüşü ərəfəsində memorandumun imzalanması bu dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir”.

Deputat qeyd edib ki, memoranduma əsasən, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl, əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradacaq və tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsində çox önəmli addımdır.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, memorandumun imzalanması Xəzər dənizi regionunda qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlib. “Eyni zamanda, memorandumun imzalanması Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu, həmçinin Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələ deməkdir. Ona görə də heç şübhəsiz ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.