İQTİSADİYYAT


“Dostluq” yatağının birgə işlənməsi həm Türkmənistana, həm də Azərbaycana xeyir gətirəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən gün Aşqabadda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı. Bu tarixi hadisə Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüşdə dövlətimizin başçısı memorandumun əhəmiyyətini qeyd edərkən onu tarixi sənəd adlandırıb. “Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq, Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Sənədin strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açdığını qeyd edən Prezident Qurbanqulu Berdiməhəmmədov 2020-ci ilin mart ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti ilə birgə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdiklərini xatırladaraq deyib: “Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək”.

AZƏRTAC Azərbaycan və Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması fonunda ölkəmizin Xəzəri dostluq və əməkdaşlıq dənizinə çevirmək istiqamətində göstərdiyi səylərə, dənizin dibinin həmhüdud sahələrinin ədalətlə bölünməsinə nail olmaq üçün atdığı addımlara, həmçinin “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi nəticəsində əldə ediləcək siyasi-iqtisadi dividendlərə nəzər salır.

Azərbaycan həmişə Xəzərdə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın tərəfdarı olub

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ 27 il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də Bakıda tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasına nail olub. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin karbohidrogen resurslarının istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım idi. Bununla da ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açıldı.

Ölkəmiz hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən dövlətlərdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.

Sonradan Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə də razılaşma əldə olunub ki, bu, öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də çox mühüm sənəd - “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə nümayiş etdirdiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna sübutdur.

Azərbaycanın yeni neft-qaz mənbəyi - “Dostluq” yatağı

Ölkəmizin “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki dövlətin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoye", yəni “Aralıq” adlandırılıb.

Bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlərin nəticəsi olaraq əvvəlki fikir ayrılıqlarına son qoyulub və iki dost ölkə arasında bütün məsələlərin qarşılıqlı maraqlar əsasında həlli üçün etibarlı zəmin yaradıb.

“Dostluq” yatağı Azərbaycanın neft hasilatını artırmasına imkan yaradacaq

Mütəxəssislər yataqda təqribən 50 milyon tondan çox çıxarıla bilən neft ehtiyatı və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatının olduğu proqnozlaşdırırlar.

“Dostluq” yatağına dair memorandumun imzalanması Azərbaycanın hazırkı strategiyasında əsas prioritet istiqamət kimi müəyyənləşdirdiyi neft hasilatının nisbətən stabil saxlanılması, lakin təbii qaz istehsalının maksimum artırılması planları ilə üst-üstə düşür. Belə ki, ölkəmizdəki neft yataqlarının əksəriyyəti uzun illərdir istismar olunur. Təbii olaraq həmin yataqların neftverimliliyi aşağı düşür. “Azəri-Çıraq-Günəşli” yataqlarında da hazırda hasilatın təbii yolla müəyyən qədər azalması müşahidə edilir. Bu baxımdan “Dostluq” yatağı Azərbaycanın neft hasilatını stabil saxlamasına və bir qədər artırmasına imkan yaradacaq.

Həmçinin yataqda Türkmənistanın payına düşəcək neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması imkanı yaranır. Bu da BTC-nin rentabelliyinin artması, Azərbaycana əlavə tranzit gəlirlərinin daxil olması deməkdir.

Yatağın qaz resursları nəzərə alındıqda isə burada hasil olunacaq təbii qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinə imkan yarana bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, layihənin effektivliyinə öz töhfəsini verəcək. Digər tərəfdən Azərbaycan və Türkmənistan arasında imzalanan bu memorandum gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün də əhəmiyyətlidir. Türkmənistan dünyada ən çox təbii qaz resurslarına malik dördüncü ölkədir. Gələcəkdə türkmən qazının da Cənub Qaz Dəhlizi şəbəkəsinə daxil olması bu istiqamətdə həm Türkmənistana əlavə gəlirlər qazandıra, təbii qaz ixracının artmasına imkan yarada, həm də Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini artıra, Azərbaycanın bu istiqamətdə gəlirlərinin daha da çoxalmasına təkan verə bilər.

Memorandum Azərbaycan-Türkmənistan əməkdaşlığının yeni səhifəsini açır

Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni səhifəsi açılıb. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Bu layihənin həm də çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Memorandumun imzalanması göstərir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır.

Razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzərdə əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.